"Vətən səsi" xəbər verir ki, bir neçə gün əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrın 25-də qəzaya uğradılan Azərbaycan təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib. Lakin təyyarəsinin sağ qalan əməkdaşlarından biri - bələdçi Zülfüqar Əsədov həmin təltifdən imtina edəcəyini açıqlayıb. Onun digər həmkarının da analoji addım atacağı gözlənilir.
Bəs, Çeçenistan prezidentinin bu qərarı Rusiyanın öz günahını etiraf etməsi və Azərbaycanın haqlı tələbini yerinə yetirməsi kimi qəbul oluna bilərmi?
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Kadırovun vurduqları AZAL təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif etməsində bir neçə məqsəd ola bilər. Amma onun fikrincə, əsas məqsəd belə “xoş niyyət”lərlə Bakını təyyarənin vurulması faktına görə Moskva qarşısında irəli sürdüyü tələblərindən - günahkarların məsuliyyətə cəlb edilməsi, kompensasiyanın ödənməsi - imtina etməsinə nail olmaqdır: "Rusiya informasiya məkanında təyyarə məsələsinə görə Azərbaycana qarşı kampaniyada “Putinin üzrxahlığının yetərli olduğu, Moskva ilə münasibətlərin daha vacib olduğu” kimi tezislər irəli sürülürdü. Kadırovun “mükafatı” da Bakıya “Rusiya yalnız bunları edə bilər” mesajının verilməsinə hesablanıb. Hərçənd, Bakının haqlı tələbini Putinin üzrxahlığı belə dəyişdirməyib, nəinki Kadırovun “mükafatı” ilə nəyəsə nail olsunlar. Moskva Bakının tələblərində “son həddi” görmək istəyir, sülhməramlılar məsələsində belə gedişlər intensiv şəkildə müşahidə olunurdu. Azərbaycanın müqaviməti bu məsələdə də həlledici rol oynayacaq".
Yayılan məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla barışıq əldə etmək üçün öz nümayəndəsini Bakıya göndərməyə hazırlaşır. Bildirilir ki, bir neçə gün əvvəl Türkiyəyə səfərdə olan.Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkonun Bakıya gələcək. Onun Rusiya və Azərbaycan arasındakı soyuq münasibətləri normallaşdırmaq üçün martın ortalarında Bakıya gələcəyi gözlənilir.
Elxan SALAHOV