"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib. O, bildirib ki, Bakının İrəvana göndərdiyi cavab 17 maddəlik sülh sazişi layihəsinə korrektlərin edilməsindən ibarətdir: "Belə korrektlər Bakı-İrəvan xəttində uzun müddətdir davam edir. Tərəflərin son açıqlamaları fonunda 17 maddənin yalnız birində prinsipial razılaşmanın olmadığı görünür: üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması".
Ekspertlər bildirirlər ki, İrəvan Avropa Birliyinin müşahidə missiyasının müddətini daha iki il uzatmaqla üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması məsələsində razılaşma perspektivini sıradan çıxarıb. Ermənistan saziş layihəsinin həmin bənd olmadan imzalanması üçün Minsk Qrupunun buraxılması kimi alternativ güzəştlər irəli sürür. Rəsmi Bakı isə Minsk Qrupunun buraxılması təklifinin təşəbbüskarı olsa da, “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” bəndində israrlıdır.
Kommunikasiyanın açılması və silahlara nəzarət mexanizminə gəlincə, Ermənistanın irəli sürdüyü bu şərt 17 maddəlik saziş layihəsində ümumiyyətlə yoxdur. Belə ki, hələ danışıqların ilk mərhələlərində kommunikasiya ilə bağlı məsələ qarşılıqlı razılaşma ilə layihədən çıxarılıb. Silahlara nəzarət mexanizmi isə kapitulyasiya aktına imza atmış Ermənistanın "müəyyən etdiyi" gülünc şərt kimi qəbul edilir və Azərbaycan tərəfi həmin təklifə ümumiyyətlə reaksiya verməyib.
Elxan SALAHOV