"Vətən səsi" xəbər verir ki, bu iddianı erməni politoloq Suren Surenyants səsləndirib. O, əminliklə bildirib ki, Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisinə aid olan Mehri rayonunun Bakıya qaytarılması tələb tezliklə danışıqlar prosesinə daxil ediləcək: "Məndə olan məlumata görə, Azərbaycan artıq altı aydır bu məsələni Ermənistan qarşısında qaldırır".
Erməni ekspert əlavə edib ki, Azərbaycan mülkiyyət hüququnu aldıqdan sonra bu yolun tikintisinə investisiya qoymağa hazırdır.
Yeri gəlmişkən, son vaxtlar Zəngəzur dəhlizinə nəzarət məsələsi Ermənistan və Rusiyanın hökumət rəsmiləri tərəfindən tez-tez dartılışan mövzulardan birinə çevrilib. Rusiyanın Xarici İşlər Nazirliyinin ötən həftə yaydığı məlumatların birində Ermənistan dəmir yolunun Mehri hissəsinin Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları"nın mülkiyyəti hesab olunduğu iddiaları yer almışdı. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə Moskvanın bu iddialarına cavab olaraq həmin dəmir yoluna sahiblik hüququnun Azərbaycan Respublikasına aid olduğunu söyləmişdi. Sabiq nazir Ermənistan və Rusiyaya xatırladıb ki, Mehri dəmir yolu Azərbaycan SSR-in və onun varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir: "Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinin əlavələri ilə təmin edilir. Qanunsuz olaraq ələ keçirilmiş əmlakımız Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz".
Elxan SALAHOV