23.02.2025, 19:34
AZ EN
23.02.2025, 08:00 110

Qardabanidə Xocalı qurbanlarının xatirəsi anılıb

XƏBƏRLƏR
  • Gürcüstanın Qardabani rayonunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə, Bolnisi, Marneuli və Qardabani rayonlarından, eləcə də Tbilisi şəhərindən gəlmiş məktəb direktorları, müəllimlər və gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər 1992-ci il fevral ayında erməni cəlladlarının dinc vətəndaşlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığını diqqətə çatdırıblar.

Bildirilib ki, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu gün Xocalının işğaldan azad olunduğunu vurğulayan natiqlər, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən bəhs ediblər.

Tədbirdə, həmçinin fevralın 25-i və 26-sı tarixlərində Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verilməsi qərara alınıb.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə də çıxışında Xocalı soyqırımı barədə gələcək nəsillərin məlumatlandırılmasının önəmini qeyd edərək, bu günün bütün dünya azərbaycanlıları üçün ən ağrılı günlərdən olduğunu qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər