08.06.2025, 22:55
AZ EN
17.02.2025, 17:39 151

Erməni mətbuatı: "Bəzi ərazilər Azərbaycana qaytarılacaq”

XƏBƏRLƏR
  • Yanvarın 30-da Cənubi azərbaycanlı soydaşımızın bir qrupunun İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısını uca səslə oxuması və və həmin hadisənin sosial şəbəkələrdə ictimailəşdirilməsinin erməni cəmiyyətində doğurduğu rezonans hələ səngiməyib.

"Vətən səsi" xatırladır ki, ilk günlərdə bəzi siyasi dairələr dərhal hərəkətə keçib bəyanatlar səsləndirərək bunun düşünülmüş siyasi aksiya olduğunu bildiridilər. Həmin videonu sosial şəbəkədə yayan erməni bloger isə həbs edildikdən sonra proses qismən sakitləşdi.

Ermənistanın baş naziri Nikol Paşinyan da həmin hadisəylə bağlı münasibət bildirib və qeyd edib ki, Ermənistana qarşı hibrid müharibə gedir: "Həmin aksiyanın məqsədlərindən biri də Ermənistan-İran münasibətlərində problem yaratmaq idi. Həmin hadisənin iştirakçıları və mahnını ifa edənlər İran vətəndaşlarıdır”.

Paşinyan həmin aksiyaya görə həm də müxalifəti ittiham edib. O, parlamentdə müxalifətdən olan deputat Eduard Şarmazanovu hakimiyyəti ictimai nüfuzdan salmaq naminə Ermənistanın milli maraqlarını satmaqda qınayıb: “Əgər sizin çevrənizdən olan o adamlar Ermənistanla İran arasında münasibətlərdə problem yaratmaq üçün pul ödəyib, mahnı oxuyub, film çəkib internetə yerləşdirsələr, təəccüblənmərəm. Biri Qarabağ, Moskva, Trabzon, o biri Hələbdən oxuyacaq. Camaat dözümlü olmalıdır, onları hansısa bayağı səhnə sarsıtmamalıdır”.

Ermənistan mətbuatı isə bu mövzuda geniş diskusiya açıb və müxalifətin niyə belə bir addım atmasına təəccüb edb. Paşinyanın əleyhdarları Baş nazirin mövqeyini ələ salır və yenə onu satqınçılıqda ittiham edirlər. Hakimiyyətə müxalif mövqeyi ilə seçilən "Hraparak" qəzeti yazır ki, Nikol Paşinyan yaxın vaxtlarda güzəştə gedəcəyinə zəmin yaradır: "O, bir azdan bəyanat verəcək və bəzi əraziləri Azərbaycana qaytaracaq".

Erməni cəmiyyətini narahat edən Paşinyanın qondarma “soyqırımı”ndan imtina etməsidir. O, dəfələrlə bildirib ki, erməni dövlətçiliyini qoruyub saxlamaq istəyiriksə “tarixi Ermənistan” iddiasından əl çəkməliyik. Əslində, uydurma “tarixi Ermənistan” onların milli ideologiyasının əsas elementidir və bunun kökündə qonşu dövlətlərə ərazi iddiası dayanır.

“Hraparak” nəşri yazır ki, Azərbaycanla kommunikasiyaların açılması prosesində daim “dəhliz məntiqi”nin müzakirə olunmadığını bəyan edən Ermənistan hakimiyyəti Azərbaycana veriləcək “maneəsiz keçid”i gündəmə gətirib. Məqalədə bir neçə gün öncə bu yöndə açıqlama verən Ermənistan parlamentinin spikeri Alen Simonyana istinad edilib. Simonyan bildirmişdi ki, Azərbaycana dəmir yolu vasitəsilə “möhürlü yüklərin yoxlanılmadan sürətli keçidini” təmin etməyə hazırdırlar. Onun sözlərinə görə, bu yanaşma sonradan yük maşınları və sərnişinlər üçün də nəzərdən keçirilə bilər.

Məqalədə xatırladılıb ki, bu, faktiki olaraq dəhliz məntiqinə uyğundur, sadəcə, Ermənistan hakimiyyəti “dəhliz” sözünü işlətmir.

Elxan SALAHOV

Oxşar xəbərlər