12.03.2025, 08:27
AZ EN
13.02.2025, 10:48 129

Ermənistandan Zəngəzur razılaşması: dəhliz, yoxsa keçid...

XƏBƏRLƏR
  • “Zəngəzurdan Azərbaycana dəhliz verilməsi Ermənistan üçün qəbuledilməzdir. Biz ölkəmizin suverenliyi altında olmayacaq yolun verilməsini qəbul etmirik. Heç bir halda qanunvericilik çərçivəsindən kənarda qalan yolun verilməsindən söhbət gedə bilməz. Bizim təklif etdiyimiz şərtlər çərçivəsində açılacaq yola nəzarət kameralar vasitəsilə edilə bilər və burada hərbçilərin olması vacib deyil”.

“Vətən səsi” xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın bir neçə gün öncə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bu fikirlər erməni müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Onun “Ermənistanın verdiyi istənilən yol, heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq” açıqlaması xüsusi narahatlıq doğurub. Belə ki, Ermənistan müxalifəti Simonyanın açıqlamalarının qeyri-ciddi olduğunu hesab edir. Paşinyan hökumətinə qarşı müxalif mövqeyi ilə seçilən erməni mətbuatı yazır ki, Simonyanın dedikləri əslində Zəngəzurdan Azərbaycana dəhlizin verilməsinin etirafıdır və hakimiyyət erməni isctimaiyyətini rəsmi Bakının şərtlərini qəbul etdirməyə hazırlaşır.

“Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib ki, parlamentin sədri “Ermənistanın verdiyi istənilən yol, heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq” ifadəsi İlham Əliyevin “Zəngəzur dəhlizi hansı yolla olursa olsun, ya açılacaq” bəyanatının təsdiqidir. Bununla belə, o qeyd edib ki, Azərbaycan lideri “Zəngəzur dəhlizi təbliğatı”nı güc yolu ilə deyil, siyasi iradə vasitəsilə həll etməyə çox yaxındır: “Bizim hökumət bəyan edib ki, dəhlizin verilməsi güc yolu ilə mümkün deyil və heç bir halda dəhliz verilməyəcəyik. Amma hökumət nümayəndələri deyirlər ki, qapalı yüklərin heç bir yerdə dayanmadan Sünik (Zəngəzur) bölgəsindən maneəsiz keçidini təmin etməyə hazırıq. İndi soruşuram, bu, dəhlizin verilməsi deyilsə, bəs nədir? Deməli, xalqa qalan danışırlar, dəhliz vermək üçün gizli də olsa böyük təbliğat gedir”.

Erməni deputat Armen Rüstəmyan isə hesab edir ki, Paşinyan və komandası ictimai rəyi dəhlizin verilməsinə hazırlayır. Onun fikrincə, Simonyanın “Azərbaycan istənilən yolu dəhliz adlandıracaq” sözləri o deməkdir ki, yol adı ilə dəhliz veriləcək: “İndidən ictimai rəyi buna hazırlayırlar. Yəni, deyirlər ki, “əslində biz dəhliz vermirik, sadəcə Azərbaycan tərəfi nəqliyyat yolunu “dəhliz” adlandırır”.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın həmin açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı təkliflərini Azərbaycan tərəfinə göndərdiklərini də söyləyib. Onun sözlərinə görə, İrəvan Zəngəzurdan yalnız keçidə icazə verilməsi ilə bağlı müxtəlif formalar təqdim edib. Həmin təkliflərdə “sadələşdirilmiş keçid” və “tranzit keçid” terminlərdən istifadə edilir. Azərbaycan isə “dəhliz” və təhlükəsizliyin tam təmin olunması tələblərini irəli sürüb. Hər iki tərəfin fərqli terminologiyalardan istifadə etməsi Ermənistanın rəsmi Bakının tələbləri qarşısında geri çəkildiyi və Zəngəzur dəhlizi ilə bağlı şərtini yalnız bu cür yerinə yetirə biləcəyi təəssüratı yaradıb.

Elxan SALAHOV

Oxşar xəbərlər