“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Amerikaya işgüzar səfəri çərçivəsində Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə deyib. O, həmin açıqlamasında Rusiyanın “erməni soyqırımı” iddialarından həm sovetlər zamanı, həm də müstəqillik dövründə Türkiyəyə qarşı istifadə etməsinə eyham vurub.
Paşinyan deyib ki, bu iddiaların geniş təbliğ olunması 1950-ci ildən, yəni Türkiyənin NATO üzvlüyünə qəbul olunmasından sonraya təsadüf edir. Sovet imperiyası “erməni soyqrımını” ortaya atmaqla Türkiyəyə qarşı ərazi iddiaları formalaşdırmağa, onu təzyiq altında saxlamağa çalışıb. Ona görə də Ermənistanın bu avantüranı davam etdirməsi onun Azərbaycan və Türkiyə kimi regional güclərin qarşısında köməksiz vəziyyətdə qoyur.
Baş nazir ermənilərin yazıq və əzilmiş xalq kimi tanınması ənənəsinə son qoyulmasını, ideoloji yeniliklərə doğru irəliləməyin də zamanı şatdığını deyib. O, qeyd edib ki, ermənilərin beynəlxalq funksiyası qurban olmağa çevrilib: "Biz bu taleyi dəyişməyə çalışırıq. Bizim komandamız da beynəlxalq ictimaiyyətin ermənilərlə bağlı təsəvvürlərində yeni səhifə açmağa çalışır. Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, əgər sən ermənisənsə, qurbansan. Çünki ermənilər, bir qayda olaraq, özlərini qurban kimi təqdim edirlər, beynəlxalq ictimaiyyət erməniləri qurbanlar vermiş xalq kimi qəbul etməyə öyrəşib. Biz bu konsesnsu dəyişmək istəyirik. Anlayaraq ki, bu, çox çətin, demək olar ki, mümkün olmayan bir missiyadır”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan amerikadakı diaspor nümayəndələri ilə görüşündə ölkəsinin gələcəyi ilə bağlı nigarançılığını dilə gətirib. O, xüsusilə 44 günlük müharibədən sonra siyasi və hərbi-təhlükəsizlik məsələləri ilə bağlı regionda müşahidə olunan proseslər fonunda Ermənistanda ideoloji dəyişikliyin baş verdiyini söyləyib.
Politoloq Elxan Şahinoğlu Paşinyanın açıqlamalarını şərh edərkən deyib ki, Ermənistanın Baş naziri İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağda həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra bölgədə formalaşan reallıqları anlamağa başlayıb: “O Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalıb, Minsk Qrupundan imtina edib, “soyqırımı tanıtma” siyasətinin Ermənistana faydası olmadığını bildirib. Paşinyan həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin yubadılmasının Ermənistana zərərini anlamağa başlayıb. Mövcud reallıqları və regionda baş verən prosesləri doğru təhlil etməyi bacaran Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. O, bircə addım ataraq Konstitusiyada zəruri dəyişikliklərə getməklə sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları anlatmaq məcburiyyətində qala bilərik”.
Elxan SALAHOV