"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistandakı “Past” nəşri məlumat yayıb. Bildirilir ki, “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq: "Parlamentin Avropa İnteqrasiya Komitəsi layihəyə müsbət rəy versə və Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan hakim komandanın layihənin xeyrinə səs verəcəyini bəyan etsə də, “Avroreferendum” artıq partiya daxilində ziddiyyətlər yarada bilib.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbə “Past” nəşrinin əməkdaşına deyib ki, Paşinyanın komandasındakı bəzi deputatları layihənin qəbulundan sonra ciddi problemlərin yaranacağını, Rusiyanın Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması məsələsini gündəmə gətirəcəyi və bunların ölkənin siyasi-iqtisadi süqutu ilə nəticələnəcəyini düşünürlər.
Bu günlərdə partiya daxilində müzakirə gedir, bir çoxları referendumu təxirə salmağı, bütün halları ölçüb-biçməyi, sonra onun ratifikasiyasına keçməyi təklif edirlər.
“Past” nəşri yazır ki, Paşinyan özü də partiyadaxili müzakirələrdən xəbərdardır. Bununla belə, o, “Vətəndaş Müqaviləsi” necə qərar verərsə, bunu qəbul edəcəyini bildirib: "Paşinyan hətta öz komandası daxilində ölkənin Aİ-yə üzvlüyü ilə bağlı keçiriləcək referendumun əleyhinə müzakirələrə qoşularaq hakimiyyətdənkənar qüvvələrlə əlbir fəaliyyət göstərənlərin ən ağır şəkildə cəzalandırılacağını qətiyyətlə bildirib. Baş nazir hazırda ABŞ-da səfərdədir, qayıtdıqdan sonra həftəsonu parlamentin iclası çağırılacaq və orada qanun layihəsi müzakirə olunacaq”.
Elxan SALAHOV