08.06.2025, 19:06
AZ EN
30.01.2025, 17:45 170

Rusiya və İran Zəngəzur dəhlizindən kənarda qalır

XƏBƏRLƏR
  • Türkiyə Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirərək, nüfuz dairəsini genişləndirməyə çalışır. Bu isə Türkiyə və İranı ciddi narahat edir. Xüsusilə Tramp administrasiyası ABŞ-da fəaliyyətə başladıqdan sonra Türkiyənin regionda nüfuzunun artması Moskva və Tehranda qıcığa səbəb olub.

“Vətən səsi” xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə müttəfiqliyini gücləndirməsindən ən çox narahat olan Rusiya və İrandır: “Hər iki ölkədən Azərbaycana qarşı son təzyiq cəhdləri də bundan irəli gəlir. Rusiya və İran, xüsusən də Tehran ondan narahatdır ki, Zəngəzur dəhlizi Bakı və Ankaranın nəzarəti ilə açıla bilər. Türkiyənin normallaşma prosesi çərçivəsində Ermənistanla təmaslarını sıxlaşdırması, Bakı və İrəvan arasında sülh prosesinin yekunlaşdırılmasına yönəlik aktiv səyləri Moskva və Tehranda bu narahatlığı xeyli artırıb”.

Politoloq hesab edir ki, regional şərtlər, Bakı və Ankaranın təzyiqləri İrəvanın geri addım atması ilə nəticələnə bilər: “İran və Rusiyada bu ehtimal yüksək hesab olunur. Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamasına və Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının uzadılmasına baxmayaraq, regionda proseslər Ankara-Bakı tandeminin formalaşdırdığı düzəndən asılıdır”.

Bu arada Rusiya Ermənistana qarşı xəbərdarlıqlarını da tədricən sərtləşdirir. Ermənistandakı  “Past” nəşri yazır ki, İrəvan Avropa İttifaqına (Aİ) inteqrasiyanı dərinləşdirsə, böyük iqtisadi qazanclar götürdüyü Avrasiya İqtisadi Birliyindən (AİB) xaric ediləcək. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Aİ-yə üzv qəbul edilsə obun AİB-dən kənarlaşdırılacağını və hazırda sılı olduğu böyük iqtisadi bazardan məhrum olacağını yaxşı anlamalıdır: “Burada qərar tamamilə aydındır. Aİ ilə bazarların açılması AİB-lə bazarların bağlanması demək olacaq”.

Overçuk vurğulayıb ki, Ermənistan üçün Aİ ilə idxal rüsumlarının sıfırlanması avtomatik olaraq AİB-lə gömrük və gömrük tariflərinin tətbiqinin bərpası demək olacaq: “Bu, Avropa İttifaqına qoşulmanın başlanğıcı Avrasiya İqtisadi Birliyindən çıxmağın başlanğıcı olduğuna dair siqnaldır. Erməni tərəfi bilir ki, nəticələr belə olacaq, heç kim illüziyaya qapılmasın”.

Göründüyün kimi, yeni dünya nizamında Bakı və Ankaranın çevik rol alması Zəngəzur dəhlizi kimi strateji hədəflərə doğru birgə əməkdaşlığın gücləndirilməsini daha da stimullaşdıra bilər. İndiyədək regionda əsas söz sahibi olan Rusiya və İranın isə əksinə, mövqelərinin zəifləməsi prosesi bir az da sürətləndirir. Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanun layihəsini təsdiqləməsi və ABŞ-la strateji tərəfdaşlıq xartiyasını imzalaması da regionda güc balansının dəyişməsinin təzahürlərindən biri hesab olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər