Verilişdə Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ermənilərin Alban kilsələrini talan edərək saxtalaşdırmasından söz açıb.
O bildirib ki, 1836-cı ildən sonra ermənilər Alban kilsələrini talamağa başlayıblar: “Onlar Alban kilsələrində olan tarixi, dini kitabları məhv etmək üçün rus çarından icazə alıblar. Albanlara aid mühüm tarixi sənədləri Eçmiədzin və Matenadaranda gizlədiblər”.
Dini İcma sədri diqqətə çatdırıb ki, Ermənistanda yaradılan qondarma Udi icmasında udilər yox, ermənilər yığışıb: “Udinlər vaxtı ilə ermənilərdən kömək istədi, amma onlar üz çevirdilər. Ermənilər udi adlarını, tarixini saxtalaşdırmaq, məhv etməyə çalışıblar”.
R.Mobili vurğulayıb ki, erməniləri Alban kilsəsinin bərpası qorxuya salıb: “Erməni kilsəsinin Qafqaza aidiyyəti yoxdur. Qəbələnin Nic kəndindəki Alban kilsəsinə ən çox azərbaycanlılar gəlir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)