Həmin xarici aktorlar taktiki və strateji hədəflərinə nail olmaq üçün başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər edirlər. Bu cür cəhdləri araşdıran zaman sosial media və digər onlayn platformalar vasitəsilə qəsdən, manipulyativ və əlaqələndirilmiş şəkildə aparılan zərərli fəaliyyətlərə üstünlük verildiyinin tez-tez şahidi oluruq. “Deepfake”lər və digər təqlidetmə texnologiyalarından istifadə etməklə, onlayn dezinformasiya kampaniyaları aparmaqla ictimai rəyi çaşdırmağa və vətəndaşların dövlətə olan etibarını zədələməyə hesablanan addımlar atılır.
Bu fikirləri açıqlamasında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov söyləyib.
O bildirib ki, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları bu cür məkrli fəaliyyətləri daim izləyir, təhlil edir və lazımi cavab tədbirləri həyata keçirir. Beləliklə, ölkəmizin, vətəndaşlarımızın və informasiya məkanımızın bütün mümkün təhdidlərdən maksimum dərəcədə qorunması təmin edilir.
"Bu gün Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən müəyyən müddətdir ki, ölkəmizə qarşı informasiya əməliyyatları aparan vahid şəbəkənin ifşa edilməsini və ya Medianın İnkişafı Agentliyinin dövlətimizin başçısı, həmçinin Xarici İşlər Nazirliyi adından yayılan saxta məlumatlarla bağlı açıqlamasını misal olaraq göstərmək olar.
Vətəndaşlarımızdan istəyimiz odur ki, yalnız etibarlı mənbələrdə yayılan məlumatlara üstünlük versinlər, onlayn məkanda şübhəli və anti-Azərbaycan informasiyalar və fəaliyyətlərlə qarşılaşdıqları zaman diqqətli olsunlar", - deyə R.Namazov vurğulayıb. (AZERTAC)