30 ildən artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, etnik təmizləmə siyasəti həyata keçirməsinə göz yuman ABŞ-nin addımları Vətən müharibəsindən sonra aqressiv hal alıb.
Yayılan xəbərlərə görə, ABŞ Dövlət Departamenti Ermənistandakı səfirliyi vasitəsilə 2025-ci il üçün mədəniyyətin qorunub saxlanılması barədə növbəti proqram və qrant layihəsi ilə çıxış edib.
Proqramda diqqət çəkən məqamlardan biri odur ki, səfirlik Qarabağdan könüllü çıxan erməni sakinlərlə bağlı qeyri-maddi irsin saxlanması layihələrinin təqdim edilməsini təşviq edir. Hətta hər bir layihəyə 500 min ABŞ dollarınadək vəsait də ayrılır.
Əslində, Birləşmiş Ştatların Ermənistan ərazisində maddi-mədəniyyət abidələrinin qorunub saxlanması, bərpası istiqamətində apardığı işlər təəccüb doğurmamalıdır. Analoji tədbirlər bütün ölkələrdə həyata keçirilir.
Sadəcə ABŞ-nin Ermənistandakı səfirliyi vasitəsilə əzəli Azərbaycan torpağında erməni irsinin qorunması ilə bağlı layihələrin proqrama daxil etməsi riyakarlıq və təxribatın bariz nümunəsidir. Bunu təsdiq edən daha bir məqam erməni lobbisinin təsiri altında olan Bayden administrasiyası və ABŞ-in İrəvandakı səfirliyinin Qərbi Azərbaycan ərazisində min illərlə yaşayan 300 min azərbaycanlıya məxsus tarixi, maddi, mədəni abidələrin qorunması ilə bağlı heç bir təşəbbüslə çıxış etməməsidir.
Bununla bağlı tam məlumat almaq üçün “Report” agentliyi ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan qovulmuş azərbaycanlıların mədəni irsinin araşdırılması və qorunması ilə bağlı layihələr barədə müvafiq sorğu göndərib. Səfirlikdən bildirilib ki, bu mövzu ilə bağlı sorğuya bir neçə gündən sonra cavab veriləcək.
ABŞ unutmamalıdır ki, tarixən türk torpaqları olan Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir. Rəsmi Bakı da dəfələrlə bu məsələni qabardıb. Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib:
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Bayden administrasiyası və ABŞ-nin Ermənistandakı səfirliyi də bu bəyanata kor və kar qalıb. Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun üzvü olmuş Birləşmiş Ştatlar bir dəfə də olsun nə Qarabağda, nə də ki indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni abidələrinin dağıdılması, yer adlarının dəyişdirilməsi, Qərbi Azərbaycandan ən böyük məcburi köçlə bağlı bir bəyanat səsləndirməyib. Və durub indi Qarabağda “erməni mədəni irsi”nin araşdırılması ilə bağlı layihələrə dəstək verir .
Halbuki, məhz Ermənistanın 30 illik işğalı dövründə Qarabağ bölgəmizdə olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədilib. Bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Qarabağ ərazisində olan 67 məsciddən 65-ni ermənilər yerlə-yeksan ediblər. Qalan iki məscidə isə ciddi ziyan vurulub.
Ermənistan ərazisində soydaşlarımıza məxsus abidələrə qarşı əsl soyqırımı həyata keçirilib. ABŞ-nin Ermənistan səfirliyi onu da bilməmiş deyil ki, indi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur.
Təəssüf ki, bu ərazilərdən, diyarlardan azərbaycanlılar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun azərbaycanlı yoxdur. Qərbi Azərbaycanda olduğu qədər dünyanın heç bir yerində bu miqyasda saxtakarlıq hallarına yol verilməyib. Saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər iki əsrə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Bu da erməni millətçiliyi, ekstremizmi və şovinizminin nəticəsidir.
Arxiv materialları da bunları təsdiqləyir. Erməni saxtakarlığını 1903-cü ilə aid olan coğrafi xəritə alt-üst edir. Söhbət Prezident İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan, rus və ingilis dillərində nəşr olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsindən gedir.
Xəritə XX əsrin əvvəlində nəşr edildiyi üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək məsələsində mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir.
Tarixi sənədlərə nəzər salsaq görərik ki, İrəvanın yaxınlığında yerləşən Molla Dursun, Kərpicli, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ və sair toponimlər dəyişdirilib. O xəritəni indiki Ermənistan ərazisilə müqayisə etdikdə görürük ki, burada erməni mənşəli tək-tük yaşayış məntəqələrə rast gəlinir.
Dağ, çay, çöl, meşə, düzəngah, el-oba adlarının 99 faizi tamamilə türk mənşəlidir. Məlumdur ki, dağ, çay adları yaşayış məntəqələrindən daha əvvəl yaranıb. Bu da həmin ərazilərdə bizim babalarımızın daha erkən dövrlərdə yurd saldığını, ocaq qaladığını sübut edən faktdır.
Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub.
Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonlarıdır. Basarkeçər adı sonradan Vardenisə çevrilib. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin mərkəzlərindən biri kimi məşhurdur.
Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar.
Azərbaycanın qədim torpağı olan İrəvan şəhəri vaxtilə çox sayda məscidləri ilə məşhur olub. Bu şəhərin möhtəşəm məscidləri onun simvoluna çevrilmişdi. 1832-ci ildə təkcə İrəvanda 12 məscid qeydə alınıb. Onlardan “Came məscidi”, “Şah Abbas məscidi”, “Zal xan məscidi”, “Novruzəli bəy məscidi”, “Sərtib xan məscidi”, “Hüseynəli xan məscidi”, “Hacı İmamverdi bəy məscidi”, “Hacı Cəfər bəy məscidi”ni misal göstərmək olar.
Araşdırmalar göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiəzdin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Təqdim etdiyimiz faktlar və rəqəmlər sadəcə erməni vandalizminin bir hissəsidir. Bununla belə, elə sadalanan faktlar da, məsələyə aydınlıq gətirə bilər. Sadəcə bu faktları ABŞ-nin Ermənistandakı səfirliyi də diqqətə alsa, yaxşı olardı. Əks təqdirdə, bu onun qərəz və ikili yanaşmasının növbəti təzahürü kimi qiymətləndirilə bilər. (Report)