"Vətən səsi" xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı da fransalı səfirin reallıqları təhrif etməsini diplomatik həddin aşılması kimi qiymətləndirib. O, qeyd edib ki, fransalı diplomat bu cür açıqlamalarla ölkəsinin Cənubi Qafqaz regionunda dayanıqlı sülh quruculuğunda maraqlı olmadığını, hətta mümkün razılaşmalara maneçilik törətmək istədiyini ortaya qoyur: "Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşması Bakıya qarşı təxribatdır. Və Makron Administrasiyasının Azərbaycana qarşı fəaliyyəti fonunda onun İrəvandakı səfirinin bu təxribatı o qədər də təccüblü deyil. Lakin maraqlıdır: fransalı səfir niyə indi belə bir paylaşım edib?"
Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl İctimai Televiziyaya müsahibəsində Qərbi Azərbaycanla bağlı söylədiyi fikirlərin fransalı səfirin açıqlamaları ilə oxşarlığına diqqət çəkib. O, qeyd edib ki, səfir Olivye Dekotinyinin açıqlamaları əvvəlcədən düşünüımüş təxribatın mühüm elemnetlərindəndir və bu, diqqətdən kənarda qala bilməz: "Əvvala Paşinyanın Qərbi Azərbaycanı ermənilərin “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməyə çalışması böyük yanlışlıqdır və bunun nə siyasi, nə də hüquqi məntiqi yoxdur. Çünki azərbaycanlıların öz yurduna qayıdışı beynəlxalq hüquqda qaçqın təsnifatına uyğundur, ermənilərin “Qərbi Ermənistan” iddiası isə birbaşa ərazi iddiasıdır: "Paşinyanın apardığı paralellik azərbaycanlıların qayıdış hüququnu “ərazi iddiası” kimi təqdim etmək, erməniləri isə ərazi iddialarından imtina etməyə sövq etmək məqsədi daşıyır. Onun bu mövqeyi Ermənistanda ciddi müzakirələrə səbəb oldu və əleyhdarlarına “Paşinyan rəsmi Bakının Qərbi Azərbaycan konsepsiyasını legitimləşdirir” ittihamı irəli sürmək imkanı yaratdı. Bu kontekstdə fransalı səfirin Qərbi Azərbaycan iddiası sıradan təxribat deyil. İstisna deyil ki, Makron səfiri üzərindən Paşinyanın opponentlərinə - müxalifətə “göz vurur”, eyni zamanda, erməni baş nazir Qərbi Azərbaycan konsepsiyasına qarşı olduğunun mesajını çatdırır".
Elxan SALAHOV