"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. Onun sözlərinə görə, Ermənistan bölgədə kommunikasiyaların açılması məsələsində də müəyyən korrektələr etməyə məcburdur. Çünki Bakı və İrəvan arasında bu məsələyə münasibətdə ciddi ziddiyyətlər var: "Burada İran, Fransa, Rusiya və ABŞ-ın üst-üstə düşməyən mövqelər də az rol oynamır. Ona görə bu məsələ uzanır. Əslində keçid, sadələşdirilmiş giriş-çıxış imkanlarına dair fərqli mexanizmlərdən istifadə edilməklə Zəngəzur dəhlizinin açılması məsələsindəki problemi həll etmək olar. Əgər Ermənistan tərəfi bununla bağlı siyasi qərar versə, prosesi sürətləndirmək olar. Amma kommunikasiya xətlərinin açılması və sülh müqaviləsi ikitərəfli danışıqlarla yanaşı, beynəlxalq şərtlərdən asılıdır".
Türkiyə də Zəngəzur dəhlizinin açılması üçün mümkün olan addımları atır. Qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib ki, hazırda Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir: "Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”.
Türkiyəli nazir təəssüflə qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi məsələsini süni bəhanələrlə ləngidir. Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə real addımlar atmır.
Zəngəzur dəhlizinin Bakı-Tbilisi-Qars xəttinə alternativ layihə olduğunu deyən Əbdülkadir Uraloğlunun fikrincə, Bakıdan Qarsa uzanan kommunikasiyaların iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq: "Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 kilometrlik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”.
Xatırladaq ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin bir qolunun İran ərazisindən keçməsi istiqamətində ilk addımlarını 2022-ci ildə atıb. Belə ki, həmin il martında Baş nazirin müavini Şahin Mustafayev İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzalayıb. Sənəd İran ərazisindən Azərbaycanın Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən yeni nəqliyyat arteriyasının yaradılmasını nəzərdə tutur. Dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.
Elxan SALAHOV