22.11.2024, 07:00
AZ EN
15.11.2024, 11:17 229

Türkiyə Ermənistanla sərhəddə danışıqlar aparır

XƏBƏRLƏR
  • Ötən həftə Türkiyə-Ermənistan sərhədində iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında gizli görüş keçirilib. Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində keçirilən görüşdə sərhədlərin açılması ilə bağlı müzakirələr aparılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” nəşri öz mənbələrinə istinadən yazır ki, görüşdə Ermənistan tərəfindən 10 nəfərlik nümayəndə heyəti iştirak edib. Onların arasında Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun nümayəndələri də olub.

Məqalədə qeyd olunur ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Axurik”in inzibati rəhbəri Marzpet Sarkisyan həmin görüşdən xəbərdar olub-olmadığını, dəmir yolu ilə bağlı hər hansı işin görülüb-görülmədiyinə dair müxbirin suallarına dəqiq cavab verməyib. O, deyib ki, Türkiyə ilə sərhəddə hər hansı prosesin baş verdiyindən xəbərdar deyil: "Bu kənd sərhəddən 2 kilometr aralıdadır, buradan heç nə görünmür. Ona görə də sərhəddə hansısa görüş olduğunu, dəmir yolunda iş aparılıb-aparılmadığını deyə bilmərəm, çünki mənə məlumat verilmir. Lakin bildiyimə görə, hazırda dəmir yolu ilə bağlı göstəriş yoxdur, heç bir iş görülmür”.

Xatırladaq ki,  Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Şirakın eyniadlı kəndindən təxminən 1,5 km aralıda yerləşir. Sovet dövründə Türkiyə tərəfindən sərhəd bağlanmazdan əvvəl Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsi vardı. Həmin dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edirdi. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib. Ermənistan Azərbaycanın ən böyük rayonu sayılan Kəlbəcəri işğal etdikdən sonra  Türkiyə işğalçı ölkə ilə sərhədi bağlayıb. Bundan sonra həmin keçid məntəqəsi ilə iki ölkə arasında əlaqə dayandırılıb.

İki əsas bina, keçmiş gömrük idarəsi və “Axurik” stansiyası birbaşa Türkiyə ilə sərhəddə yerləşir. Bir neçə ay əvvəl xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıçın Ermənistan-Türkiyə münasibətləri məsələsi ilə bağlı görüşündən sonra regional tələblərə uyğun olaraq sərhədlərin açılmasının texniki ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı razılığın əldə olunduğu açıqlanmışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR