Bunu Milli Məclisin sədr müavini Musa, Qasımlı ölkə başçımızın çıxışındakı məqamlara diqqət çəkərkən deyib. Sədr müavini bildirib: "Birincisi, Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatının güclənməsinə bundan sonra da qətiyyətlə çalışacaqdır. Təşkilatın büdcəsi qarşıya qoyulan5 hədəflərin yerinə yetirilməsi üçün yetərli olmadığından Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində ayırdığı maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə kömək edəcəkdir. İkincisi, hazırda dünyada təhlükələr artdığından müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində türk dövlətlərinin əməkdaşlığı böyük əhəmiyyət daşıdığı üçün hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq, silahlı qüvvələrin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi əhəmiyyətlidir. Belə fəaliyyət bütün türk dünyasının maraqlarına uyğundur. Üçüncüsü, son dövrlərdə Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən keçməklə daşımaların həcminin artması Azərbaycanın və bütün türk dünyasının dünyada yerini möhkəmləndirir. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsindən ötrü Azərbaycan sərmayə qoyuluşunu artırır. Belə vəziyyət Azərbaycanın Türküstan və Türkiyə arasında əməkdaşlıqda etibarlı körpü rolu oynadığını göstərir. Dördüncüsü, işğaldan azad edilmiş ərazilərdə böyük işlərin görülməsi Azərbaycanın qüdrətindən xəbər verməklə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzi türk birliyinin nümunəsidir. Türk dünyası daim Azərbaycanın yanındadır. Nəhayət, cənab Prezidentimizin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak etməyə dəvət etməsi və onların iştirakı sarsılmaz və əbədi birliyimizin nümayişi olacaqdır.
Tahirə AĞAMİRZƏ