"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O, sərhədlərin delimitasiyası ilə bağlı hər iki ölkədə yaradılmış komissiyalarının birgə fəaliyyətinə dair əsasnamənin təsdiqlənməsini "sülh danışıqları prosesində vacib irəliləyiş" adlandırıb. Erməni spiker deyib ki, bu qərar birgə komissiyaların öz işini sürətləndirməsi üçün geniş imkanlar açır: “Bu, Ermənistan və Azərbaycan arasında ilk sənəddir və onun həyata keçirilməsi hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Bu yöndə irəliləyəcəyik”.
Alen Simonyan onu da deyib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Sünik vilayətində (Zəngəzur) keçirilə bilər. Onun sözlərinə görə, delimitasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi hələ müəyyən edilməsə də, məsələnin həlli çox yubanmayacaq: “Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən (Zəngəzur), yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir. 12, 50 və ya 100 kilometrlik sərhədimizin bərpası tariximizin mühüm məsələsidir, bunu həll etsək, hamımız razı olmalı və şükür etməliyik”.
Azərbaycanla danışıqların gedişindən danışan erməni spiker qeyd hazırda razılaşdırılmamış məsələlərlə bağlı məlumat mübadiləsi üzərində iş davam edir: “Bir çox ikitərəfli məsələləri həll etməmişik, siyasi iradə olarsa, bütün bu məsələləri həll etmək olar. Hesab edirəm ki, davam edən müzakirələr də buna yönəlib”.
Elxan SALAHOV