04.05.2025, 20:35
AZ EN
31.10.2024, 16:06 228

İrəvanın hədəfləri: Bakı ilə münasibətlər həm də Türkiyədən asılıdır

XƏBƏRLƏR
  • Rəsmi Bakı ilə münasibətlərin nizamlanması, dialoq mühitinin yaradılması, sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması Ermənistan hökumətinin yaxın perspektivə hesablanmış prioritetlərinə daxildir. Amma bu, həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından, keçmişdə mövcud olmuş qapıların yenidən açıq olmasından çox asılıdır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, son iki il ərzində İrəvanın təşəbbüsü ilə atılan addımlar nəticəsində Ermənistanla Türkiyə arasında dinamik və müsbət dialoqun qurulması üçün geniş imkanlar yaranıb. Onun sözlərinə görə, Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası, sərhədlərin, nəqliyyat və digər kommunikasiyaların açılması üzrə dialoq aparılır.

Mirzoyan qeyd edib ki, hər iki ölkənin mütəxəssisləri sərhəddə infrastrukturun qiymətləndirilməsi ilə bağlı iş həyata keçirib: “Yaxın günlərdə Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun analoji qiymətləndirilməsi həyata keçiriləcək”.

Erməni nazir xüsusi olaraq vurğulayıb ki, Türkiyə normallaşma prosesini Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ilə əlaqələndirir. O, etiraf edir ki, hazırkı şərtlər İrəvanı çətin vəziyyətə salıb və erməni cəmiyyəti Azərbaycanla münasibətlərin həm də Türkiyədən asılı olmasını qəbul etməkdə çətinlik çəkir: "Ermənistan bunu müəyyən qədər qeyri-konstruktiv mövqe hesab etsə də, münasibətlərin normallaşmasına dair optimist əhval-ruhiyyədədir. Amma reallıq odur ki, biz Ermənistan dövlətini və erməni cəmiyyətini irəliyə doğru aparmalıyıq”.

Elxan SALAHOV

Oxşar xəbərlər