Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib. O qeyd edib ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi Azərbaycan-Türkiyə birliyi və həmrəyliyini bütün dünyaya nümayiş etdirib.
Spiker qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır. Dövlət başçılarımızın iradəsi və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatıb.
Bu gün Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdiyini də diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, reallaşdırılmış birgə layihələr, irəli sürülmüş təşəbbüslər daha geniş regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir. (AZERTAC)