19.04.2025, 04:29
AZ EN
24.10.2024, 11:09 298

Erməni deputat hökuməti Zəngəzur məsələsində razılaşmağa səslədi

XƏBƏRLƏR
  • "Ermənistanın qonşu ölkələrlə münasibətləri nizamlaya bilməməsi ciddi təlatümlərə yol aça bilər. Buraya Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərinin açılmasına dair son dövrün aktual məsələləri də daxildir. Biz qonşu ölkələrlə nəqliyyat əlaqələrini bərpa etmək üçün yaranmış imkanlardan istifadə etməliyik".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Xaçatur Sukiasyan deyib. O, hökuməti Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının irəli sürdüyü təkliflərə yenidən baxmağa və mübahisələri qarşılıqlı şərtlər əsasında aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, həmin yolda mühafizə və təhlükəsizliyin təşkil məsələləri Ermənistanın israrla təklif etdiyi nəzarət yox, montitorinq mexanizminin qurulması daha münasib ola bilər: “Ermənistan ərazisindən keçən istənilən yol bizim suverenliyimiz çərçivəsindədir. Təbii ki, regionun digər dövlətlərinin etimad göstərməsi üçün nəzarət yox, ancaq müəyyən monitorinq lazım ola bilər. Bu məsələlər müəyyən qədər texniki, müəyyən dərəcədə siyasi, müəyyən dərəcədə dövlət xarakteri daşıyır. Düşünürəm ki, ölkələr arasında “qızıl orta” tapılacaq”, - Sukiasyan qeyd edib.

Moskvanın Zəngəzurdan keçən yola nəzarət etməkdə israrlı olması ilə bağlı iradlara cavab olaraq deputat deyib ki, istənilən ölkə öz maraqlarını irəli aparmağa çalışır: “Hər hansı bir dövlətin daha çox əldə etmək istəyi norlmal haldır. Biz dövlət olaraq digər dövlətlərlə danışıqlarda Ermənistan üçün ən yaxşısını istəyirik. Düşünürəm ki, Ermənistanı qonşu ölkələrlə birləşdirən dəhliz məsələsində də “qızıl orta” tapılacaq".

Sukiasyan hesab edir ki, Ermənistan Zəngəzur dəhlizi məsələsində çox dirəniş göstərməklə vəziyyəti bir az da çətinləşdirir. O, bu açıqlaması ilə Azərbaycan hökumətinin dəhlizin İran ərazisindən keçməsi ilə bağlı alternativ variantının olmasına diqqət çəkib: "Düşünürəm ki, biz bu məsələnin üzərində çox dayanmışıq və bununla da əlaqəni çətinləşdiririk. Buna gərək yoxdur. Biz bu məsələni beynəlxalq birliklərin təcrübəsi, xaricdə qəbul edilmiş nizam-intizam qaydaları,  dövlətlər arasında imzalanmış müqavilələrə uyğun şəkildə baxmalı və yekun qərarımız verməliyik. Bu yanaşma Ermənistanın da regional kommunikasiyaların işə salınmasında maraqlarını təmin edəcək və nəticədə hər şey həll olunacaq. Ona görə də hesab edirəm ki, Ermənistanın qonşu ölkələrlə kommunikasiyaların açılması məsələsində anlaşıla bilən siyasət yürütməsi xeyrimizə olar”.

Xaçatur Sukiasyan rəsmi İrəvanı qonşu ölkələrlə münasibətləri tarazlı şəkildə nizamlamağa, xüsusilə Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirməyə çağırıb. O, əlavə edib ki, hazırkı şəraitdə Ermənistan dünyanın istənilən ölkəsi ilə çoxşaxəli iqtisadi əlaqələr qurmasa gələcəkdə ciddi çətinliklərlə üzləşə bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR