Ermənistandakı hakim partiyanın və hökumət rəhbərlərinin açıqlamaları əməlləri ilə uyğun gəlmir. Onların əməlləri həm beynəlxalq tədbirlərdə və görüşlərdə, həm də ictimaiyyət qarşısında çıxışlarında verdikləri bəyanatla uzlaşmır.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib. O, Ermənistan parlamentinin hazırkı sədri Alen Simonyanın "keçmiş Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir., Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib" bəyanatını şərh edərkən başda Nikol Paşinyan olmaqla Ermənistan hökumətini ictimaiyyəti aldatmaqda, hökumət rəhbərlərini öz əməllərinə zidd açıqlamalar verməkdə günahlandırıb: "Parlamentinin spikeri deyir ki, Qarabağ Azərbaycanın ərazisidir. Yaxşı, onda Baş nazir Nikol Paşinyan müharibədən əvvəl hərbi xidmət keçən oğlunu Qarabağa niyə göndərib? Belə çıxır ki, Baş nazirin oğlu Azərbaycan ərazisində hərbi xidmət keçib?"
Eduard Şarmazanov Ermənistandakı hökumət nümayəndələrinin açıqlamalarının müharibədən öncəki əməlləri ilə uzlaşmadığına dair daha bir neçə nümunə xatıraldıb: “Paşinyan Şuşada – Azərbaycan ərazisində sanki Qarabağı özü alıbmış kimi niyə rəqs edirdi? Simonyanın və Ermənistanın müdafiə nazirinin Ağdamdakı nar bağlarında nə işi vardı? Bu halda onlar Azərbaycan ərazisindən nar oğurlamış hesab olunurlar".
Ermənistan parlamentinin keçmiş vitse-spikeri onu da əlavə edib ki, həm Paşinyanın, həm də Simonyanın Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması barədə açıqlamaları onların Bakı məhkəmələrinə çıxarılması üçün zəmin yaradır.
Xatırladaq ki, Nikol Paşinyan 44 günlük müharibədən əvvəl oğlunun Qarabağda hərbi xidmət keçdiyini iddia edirdi. O, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı imzaladıqdan sonra Qarabağaın Azərbaycan ərazisinin olduğunu bir neçə dəfə etiraf edib. Erməni Baş nazir bu ilin iyununda parlamentdəki çıxışı zamanı deyib: "Qarabağ Azərbaycanın bir hissəsidir, lakin erməni reallığında bütün bunlar səhv başa düşülürdü, çünki Ermənistan ictimaiyyətinin 1996-cı ildən Lissabon sənədinə çıxışı yoxdur. Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını Qarabağla bağlı aldadıb və çaşdırıb: “Qarabağla bağlı bütün həqiqət məhz budur. Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı yanlış başa düşülürdü".
Ermənistan parlamentinin sədri Alen Simonyan isə bir neçə gün əvvəl “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib: "Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib. Fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir”.
Elxan SALAHOV