19.04.2025, 07:03
AZ EN
22.10.2024, 19:57 196

Qadın hüquqları və gender bərabərliyi sahəsində Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib

XƏBƏRLƏR
  • Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Cenevrədəki nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones və “UN Women”in Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Cenevrədəki nümayəndəlik ofisi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyi, gender bərabərliyi və qadınların hüquqları ilə yanaşı, onların iqtisadi müstəqilliyi, məşğulluq məsələləri ilə bağlı bir sıra birgə layihələr həyata keçirildiyi qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın BMT Qadınlar Təşkilatının Cenevrədəki nümayəndəlik ofisi ilə əməkdaşlığının bundan sonra daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycanda qadın hüquqlarının qorunmasına, xüsusilə həssas təbəqədən olan qadınların problemlərinin həllinə böyük diqqət yetirilir, regionlarda müvafiq dəstək və resurs mərkəzləri fəaliyyət göstərir. Ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmin olunması, gender bərabərliyi sahəsində dövlət və parlament səviyyəsində ardıcıl tədbirlər reallaşdırılır, qanunvericilik bazası daha da təkmilləşdirilir, mütərəqqi qanunlar qəbul edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı vacib qanunların qəbul edildiyini diqqətə çatdırıb, bu sahədə dövlət və parlament arasında nümunəvi əməkdaşlıqdan söz açıb. O, Azərbaycanın bu sahədəki təcrübəsinə bir sıra ölkələrin böyük maraq göstərdiyini qeyd edib.

Söhbət zamanı Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması, xüsusilə onların kənd təsərrüfatında uğurlu fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün maliyyə resurslarına çıxış imkanları asanlaşdırılır, qadın sahibkarlara aşağı faizli kreditlər ayrılır. Bu sahədə görülən işlər uğurlu nəticələr verir. Belə ki, Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatda olan 683 mindən çox fermerin 26 faizini qadınlar təşkil edir.

Həmçinin işğaldan azad olunan ərazilərin minalarla çirkləndirilməsinin Qarabağda və Şərqi Zəngəzurda digər sahələrlə yanaşı, insanların, xüsusən qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə ciddi maneə olduğu qeyd edilib.

B.Muradova Bakıda keçiriləcək COP29 çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyi tərəfindən 21 Noyabr - Gender Bərabərliyi Günü münasibətilə beynəlxalq tədbir təşkil ediləcəyini diqqətə çatdırıb. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını vurğulayan komitə sədri həmin tədbirdə iştirak etmək üçün ICESCO-nun Baş direktorunun da dəvət olunduğunu bildirib. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR