Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Sinxua" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir.
“Hesab edirik ki, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Eyni zamanda qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq nizamın daha ədalətli istiqamətdə inkişafına töhfə verir”, - H.Hacıyev qeyd edib.
Prezidentin köməkçisi təşkilatın potensialına da toxunub. Onun fikrincə, üzv dövlətlər öz üstünlüklərindən istifadə edə bilərlər.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın BRICS-ə qoşulmaq istəyi ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamı olacaq. Azərbaycan BRICS-ə əlavə dinamika gətirə bilər, təşkilata üzvlük isə Azərbaycanın mövcud iştirakçılarla çoxtərəfli platformada yaxşı əlaqələrinin davamı olacaq.
O bildirib ki, strateji mövqeyə, güclü dövlətçiliyə, iqtisadi potensiala malik olan Azərbaycan beynəlxalq hüquqa sadiqdir və başqaları ilə sıx əməkdaşlıq çərçivəsində çoxvektorlu dünyaya töhfə verməyə hazırdır. (Report)