Ötən ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı həbs edilmiş separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Rusiyadakı məşhur şirkətin səhmdarı kimi ona məxsus oaln payı əlindən slınıb. Söhbət Rusiyanın yük avtomobilləri istehsalçısı olan “KamAZ” şirkətinin səhmdarlarından olan “Avtoinvest” MMC-dəki paydan gedir.
"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, oktyabrın 17-də “KamAZ” şirkətinin səhmdarlarının növbəti iclası keçirilib. İclasda hazırda Bakıda həbsdə olan Vardanyanın “Avtoinvest” Məhdud Məsuliyyətli Cəmiyyədəki payının bu qurumun baş direktoru və “Modum-Trans” iri dəmir yolu operatorunun həmtəsisçisi Dmitri Artyakova verilməsi barədə qərar qəbul edilib.
O da qeyd olunur ki, Artyakov "Rostec"in baş direktorunun birinci müavini, AvtoVAZ-ın eks-prezidenti və Samara vilayətinin keçmiş rəhbəri Vladimir Artyakovun oğludur.
Xatırladaq ki, Ruben Vardanyan bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları tərəfindən Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınır. O, 44 günlük Vətən müharibəsindən sonra Rusiya Federasiyası vətəndaşlığından çıxaraq Ermənistan vətəndaşlığını qəbul edib. Bundan sonra qeyri-qanuni yollarla Ermənistandan Azərbaycan ərazisinə keçərək erməni separatçılarına qoşulub, özünü qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” elan edib.
Müxtəlif ölkələrdə çirkli pulların yuyulması və digər cinayət əməllərində adı hallanan Ruben Vardanyan həm də Qarabağda erməni separatçılarını maliyyələşdirməkdə şübhəli bilinir. 2023-cü ilin sentyabrında həbs edilərək Bakıya gətirilən 1968-ci il təbəllüdlü Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə günahlandırılır.
Elxan SALAHOV