Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddəti uzadılmaya bilər.
Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti məlumat yayıb. Nəşrdə dərc edilən məqalədə bildirilir ki, İrəvan Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmaması ilə bağlı rəsmi Bakının tələbini yerinə yetirməyə məcburdur. Çünki Aİ-nin müşahidə missiyasının Azərbaycanla sərhəddə tez-tez görünmələri Bakı ilə İrəvan arasında qarşılıqlı etimada və sülh danışıqları prosesinin ləngiməsinə səbəb olur.
"Hraparak" qəzeti yayılan məlumatla bağlı Ermənistanın Xarici İşlər Nazirliyinə sorğu göndərsə də, cavab gəlməyib. Eyni zamanda Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbərliyi də onların ölkədən çıxacağna dair xəbərə münasibət bildirməyib: "Siyasi dairələrdə belə hesab olunur ki, Nikol Paşinyanın Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən çıxarması, müşahidəçilərin səlahiyyət müddəti uzadılmayanda, rusiyapərəst olmaqda ittiham olunmaması üçün atılmış addımdır".
İttifaqın Ermənistandakı müşahidə missiyasının çıxarıla biləcəyinə dair məlumatların Baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə Moskvadakı görüşündən sonraya təsadüf etməsinə də diqqət çəkilir. Qeyd olunur ki, Aİ-nin müşahidə missiyasının Ermənistanda fəaliyyət müddətinin uzadılmaması məsələsinin Putinlə Paşinyan arasında gizli danışıqlarda razılaşdırıldığı istisna olunmur.
Yeri gəlmişkən, Aİ-nin Ermənistandakı missiyasının nümayəndələrinin bir neçə gün əvvəl Azərbaycanın dövlət sərhədi yaxınlığına gələrək xüsusi cihazlar vasitəsilə burada foto və videoçəkilişlər aparması narazılıqlara səbəb olmuşdu. Ekspertlər xüsusi cihazlarla müşahidə və çəkiliş aktını Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirib. Bildirilir ki, Qərb və Ermənistan təxribatçı “müşahidə əməliyyatı” ilə şərti sərhədə NATO missiyasını yerləşdirmək üçün eskalasiya hazırlığı görür. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov da Ermənistandakı monitorinq missiyasının əslində kəşfiyyatla məşğul olduğunu açıqlamışdı.
Azərbaycan tərəfi də məsələyə reaksiya verib Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizə səfər edən NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə də Aİ missiyasında narazılıq ifadə edib. O, şərti sərhədin Ermənistan ərazisində Aİ müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
Xatırladaq ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib. Razılaşmaya əsasən, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsələr, missiya başa çatacaq.
Elxan SALAHOV