11.07.2025, 18:53
AZ EN
03.10.2024, 14:38 311

Ermənistan Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyib

XƏBƏRLƏR
  • “Ermənistan Konstitusiya Məhkəməsinin qərarı quru, hüquqi dildə yazılıb. Başa düşdüyüm qədər, Konstitusiya Məhkəməsinə iki sual ünvanlanıb: 1) Ermənistanın Müstəqillik Bəyannaməsi və orada qeyd olunan məqsədlər, ümumilikdə yer alan məlumatlar Konstitusiyanın özünün bəndləri kimi hüquqi qüvvəyə malikdirmi? 2) Ermənistanın ərazisi anlayışı nə deməkdir, dövlətin sərhədləri haradan keçir?”.
"Vətən səsi" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov “Teleqram”da yazıb.  Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi öz qərarında Bəyannamənin mövzusunu geniş şərh edib: “Qeyd olunub ki, bu, Konstitusiyanın dəyişməz hissəsidir, yəni biz özümüz istəsək də onu dəyişdirə bilmərik. Mətn daha çox Bəyannamədə bildirilən məlumatların və məqsədlərin Konstitusiyada öz əksini tapmamasına həsr olunub. Yəni 1995-ci ildən etibarən Konstitusiya Bəyannaməyə istinad edirdi, lakin Bəyannamədə olan hər şey Konstitusiyada qüvvəyə malik deyil. İkinci sualı cavablandıran Konstitusiya Məhkəməsi qeyd edib ki, Ermənistanın inzibati bölgüsü ilə bağlı müxtəlif illərdə qəbul edilmiş qanunları var və dövlət sərhədi bu rayonların xarici sərhədləri boyunca keçməlidir”.
 
Bununla belə, Konstitusiya Məhkəməsinin qərarında Ermənistanın “Dağlıq Qarabağ” adlı inzibati vahidinin olması barədə məlumat yoxdur. Fərhad Məmmədovun sözlərinə görə, Konstitusiya Məhkəməsinə Qarabağ ərazisinin Ermənistan ərazisi olub-olmaması ilə bağlı sual verilməyib: "Konstitusiya Məhkəməsinə “Ermənistan ərazisi anlayışı nədir” sualı verilib və cavabda deyilir ki, Bəyannamə konstitusiya qüvvəsinə malik deyil. Yəni faktiki olaraq Qarabağ Ermənistan ərazisinin bir hissəsi deyil”.
Fərhad Məmmədov hesab edir ki, Paşinyan hökuməti sadə yolla getmək, Konstitusiyaya dəyişiklik etməmək, yəni Bəyannamədən imtina etmək və Konstitusiya Məhkəməsinin konyunktur qərarı ilə sülh müqaviləsinin imzalanması üçün yol açmaq qərarına gəlib: "Bu, ciddi qərar olmasa da, hər halda ermənilər tərəfdən atılan bir addımdır. Onlar bu məsələni xüsusən də Qərb platformalarında önə çıxaracaqlar. Bununla belə, gələcəkdə Konstitusiya Məhkəməsinin başqa bir tərkibinin Məhkəmənin sözügedən qərarını ləğv etməyəcəyinə və Bəyannaməyə başqa cür şərh verməyəcəyinə zəmanətlər haradadır?! Bu, artıq bir dəfə Koçaryanın Ermənistan prezidenti seçilməsi zamanı baş vermişdi".
Politoloq vurğulayıb ki, Paşinyanın 2020-2023-cü illərdə fəaliyyətləri ona etibar etməyə əsas vermir. O, 2021-ci il parlament seçkilərində qalib gələn Paşinyanın partiya proqramında Qarabağın taleyi barədə “qurtuluş naminə ayrılma” vədi qeyd olunduğunu da yada salır: "Ermənistan Ali Sovetinin 1992-ci ildə qəbul etdiyi qərarlarda deyilir ki, Ermənistan “dqr” ərazisinin Azərbaycan ərazisi hesab edildiyi müqavilələrə qoşula bilməz”.
Fərhad Məmmədov Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılmamasını israr etməsi həmin məqsədə xidmət edir. Onun fikrincə, əgər Ermənistan Qarabağa dair qanunsuz və əsassız iddialarından əl çəkirsə, niyə Ermənistan hökuməti ATƏT-in Minsk Qrupundan yapışıb?! Kor-kor, gör-gör: Qarabağın Ermənistanın ərazisi olmadığını Konstitusiya Məhkəməsi də etiraf edibsə və Ermənistanın Baş naziri də silahlı qüvvələrini Azərbaycanın üç rayonundan çıxarmaq öhdəliyinin də əks olunduğu üçtərəfli bəyanatı imzalayıbsa, onda belə çıxır ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazilərinin işğalını tanıyır”.
 
Elxan SALAHOV
Oxşar xəbərlər