18.10.2024, 22:19
AZ EN
02.10.2024, 14:13 238

Ermənistan sülh danışıqları prosesini qəsdən ləngidir

XƏBƏRLƏR
  • "Ermənistan baş nazirinin Bakıda keçiriləcək COP29-a qədər sülh sazişi imzalamağın mümkünlüyü ilə bağlı bəyanatı həqiqətə uyğun deyil. Sadəcə olaraq Paşinyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur".

"Vətən səsi" xəbər verir ki, bunu siyasi ekspert Zaur Məmmədov Nikol Paşinyan BMT tribunasından COP29-a qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə bəyanatını şərh edərkən bildirib. Onun fikrincə, Ermənistan rəhbərliyi bilərəkdən beynəlxalq ictimaiyyəti aldadır: "əgər Paşinyan Bakıda keçiriləcək COP29 sammiti ərəfəsində sülh sazişini imzalamaq istəsəydi, sülhlə bağlı masada olan 16 maddənin üçünü ixtisar etməzdi. Əslində onun özü də bilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normal müstəviyə düşməsi üçün ciddi sülh sənədinə ehtiyac var".

Siyasi şərhçi hesab edir ki, Ermənistanla Azərbaycan arasında müzakirə olunan sənəd hələ yarımçıqdır və orada bir çox məsələlər razılaşdırılmayıb: "Belə olan halda hansısa yarımçıq sənədi sülh sazişi adlandırmaq cəfəngiyyatdır. Bu, eyni zamanda Paşinyanın növbəti dəfə qeyri-ciddi mövqedə olmasının göstəricisidir".

Politoloq vurğulayıb ki, əslində sülh müqaviləsindən əvvəl iki ölkə arasında münasibətlərin normallaşmasına dair hansısa bir sənəd imzalana bilər. Amma Paşinyan sülh razılaşması üçün ilkin şətləri kənara qoyaraq danışıqların məhz Ermənistanın maraqlarına cavab verən müəyyən müddəalar üzərində davam etdirilməsinə çalışır. Bu isə dayanıqlı sülhün əldən olunması və problemin tam şəkildə həlli demək deyil: "Ermənistan Xarici İşlər naziri bu yaxınlarda Avropanın beyin mərkəzləri, “Rasmusson” fondu, Qərbin və Amerikanın dövlət orqanları ilə əməkdaşlıq imkanları olan siyasətçilərlə müxtəlif səviyyəli görüşlər keçirib. Həmin görüşlər zamanı Azərbaycana qarşı hazırlanmış qarayaxma planları müzakirə olunur. Rəsmi Bakı Qarabağdan könüllü getmiş ermənilərin hüquqlarını pozmaqda günahlandırılır və guya, Azərbaycan hökuməti Ermənistanla sülh müqaviləsi imzalamaqdan imtina edir. Yəni, Ermənistan tərəfi, o cümlədən Baş nazir Nikol Paşinyan BMT-nin tribunasında və digər çıxışlarında özünün saxta sülhpərvər imicini "formalaşdırır" və bununla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Guya, Ermənistan sülhə hazırdır, Azərbaycan sənədi imzalamaqdan yayınır. Beynəlxalq ictimaiyyətdə bu cür yalan "plan" qururlar" .

Politoloq Ermənistanın hazırda ABŞ və Rusiya arasında manevr etdiyini də diqqətə çatdırıb. Zaur Məmmədovun fikrincə, bu fakt Paşinyanın və komandasının qlobal güclər arasındakı nüfuz savaşında alət kimi istifadə olunmasına münbit şərait yaradır: "Bütün bunlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ciddi maneələr yaradır, dialoq imkanları məhdudlaşır və nəticə etibarilə vəziyyət bir az da mürəkkəbləşir: "Ermənistanın silahlanması, onun arxasında olan qüvvələrin Azərbaycanı əsassız olaraq günahlandırmağa çalışması da bunun göstəricisidir".

Elxan SALAHOV

Oxşar xəbərlər