23.11.2024, 01:18
AZ EN
26.01.2024, 13:54 265

Paşinyan revanşist əhval-ruhiyyəli keşişi qovur

XƏBƏRLƏR

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qaregini istefaya məcbur edir. Ötən ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra revanşist əhval-ruhiyyəli çıxışları ilə diqqət mərkəzində olan keşişin siyasətə burun soxmasının qarşısını almaq üçün yeni vasitə tapılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb. Bildirilir ki, Paşinyanın tərəfdarları “Vardanak” adlı yeni hərəkat yaradıblar. Hərəkat keşişin istefasını tələb edərək fevralın 24-də Eçmiədzinin mərkəzi meydanında ona qarşı növbəti aksiya keçirməyə hazırlaşır. O da qeyd edilir ki, hərəkatın təşəbbüskarı Andranik Dovlatyan hökumətin əleyhinə təbliğat aparan keşişin cəzalandırılması üçün əlindən gələn hər şeyi edəcək.

Nəşr qeyd edir ki, buna oxşar hərəkat hələ 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “Yeni Ermənistan, Yeni Patriarx” şüarı ilə yaradılmışdı. Bu isə o deməkdir ki, kilsə əleyhinə hərəkat hakimiyyətin yuxarı eşelonları tərəfindən istiqamətləndirilir. Hakimiyyət nümayəndələri hər fürsətdə parlamentin tribunasından istifadə edərək revanşist mövqeyi ilə fəallıq göstərməyə çalışan II Qaregini açıq şəkildə tənqid edir, onu hökumətin siyasətini gözdən salmaqda ittiham edirlər.

Xatırladaq ki, “Vardanak” hərəkatının lideri Andranik Dovlatyan uzun illər ABŞ-da yaşayıb. Bir neçə ay əvvəl Ermənistana köçmüş Andranik Paşinyan hökumətinin fəal tərəfdarı kimi tanınır. O, "Facebook" səhifəsində mütəmadi olaraq hakim “Vətəndaş Müqaviləsi” Partiyasının leyhinə kampaniya aparır, erməniləri keşişiyin revanşist çıxışlarına uymamağa çağırır.

Elxan SALAHOV

Oxşar xəbərlər