"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatının Zəngəzur vilayət administrasiyasına istinadən yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bu ilin avqustunda imzalanmış müqaviləyə əsasən, Ermənistan nömrəli avtomobillərin İran ərazisinə daxil olması üçün “Carnet de Passage” (nəqliyyat vasitəsinin ölkəyə müvəqqəti girişi üçün tələb olunan beynəlxalq gömrük bəyannaməsi) sənədi kifayər edir. Həmin sənədi əldə edən yük, sərnişin və mink avtomobillərinin sahibləri sərbət şəkildə Ermənistandan İrana və əks istiqamətə gedib-gələ bilər.
Ermənistan mətbuatı yazır ki, avtomobillərin İrana girişini asanlaşdıran müqavilədə əksini tapan qaydaların həyata keçirilməsi üçün sentyabrın 28-də hər iki ölkənin nümayəndələrinin iştirakı ilə xüsusi toplantı keçirilib. Toplantıda Ermənistandan olan sürücülərin “Carnet de Passage” ala bilməsi üçün ölkənin müxtəlif regionlarında, o cümlədən Zəngəzur vilayətində xüsusi ofisin açılması barədə razılıq əldə olunub.
Məlumatda o da bildirilir ki, İran xaricdə ilk dəfə olaraq paytaxt İrəvanda böyük ticarət mərkəzi qurub. Bu yaxınlarda rəsmi açılış tədbirindən sonra fəaliyyətə başlayan ticarət mərkəzi həm də İranla Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafına təkan verəcək.
"İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzi Ermənistanın paytaxtında qurulub. İrəvandakı açılış mərasimində rəmzi qırmızı lenti İranın Ermənistanda səfiri Mehdi Sobhani və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan kəsib. İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılan ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur", - deyə məlumatda qeyd edilir.
Elxan SALAHOV