Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli Leonid Eduardoviç. Sizi salamlamağa çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz böyük əhəmiyyətə malikdir. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Bildiyiniz kimi, ötən ay Rusiya Federasiyası Prezidentinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafına çox böyük təkan verən dövlət səfəri oldu. Sizə də məlumdur ki, qanunvericilərimiz arasında fəal parlamentlərarası əlaqələr mövcuddur. Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir, humanitar əməkdaşlıq fəal inkişaf edir. Rusiya Prezidentinin səfəri çərçivəsində bütün bunlar və bir çox digər məsələlər müzakirə olunub. Biz münasibətlərimizin ardıcıl, dinamik xarakterini bir daha məmnunluqla qeyd etdik. Əlbəttə, ölkələrimizin siyasi qüvvələrinin partiyalararası əlaqələri də qarşılıqlı fəaliyyətin mühüm amilidir. Siz Rusiya Federasiyasının bütün regionlarında böyük nüfuza malik olan Rusiya Federasiyasının aparıcı siyasi partiyalarından birinə rəhbərlik edirsiniz. Partiyanızın nümayəndələrinin nümayiş etdirdiyi seçki kampaniyalarının uğurlu nəticələri siyasi qüvvənizin Rusiya Federasiyasının siyasi sistemində mühüm amil kimi böyük nüfuzundan xəbər verir.
Əlbəttə, biz bütün bunları böyük maraq və sevinclə müşahidə edirik. Sizə və rəhbərlik etdiyiniz partiyaya yeni-yeni uğurlar arzulayıram. Təbii ki, Dövlət Dumasının xarici siyasət istiqamətinin rəhbəri kimi siz, əlbəttə, gündəlik fəaliyyətinizdə Rusiya-Azərbaycan münasibətlərində əldə edilən uğurlarla tanış olursunuz. Düşünürəm ki, bu gün isə biz bu və digər məsələləri ətraflı müzakirə edəcəyik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirəcəyik.
Son olaraq, istərdim ki, gərgin iş cədvəlinizə baxmayaraq, vaxt tapıb Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyinizə görə sizə təşəkkürümü bildirim. Sizin ziyarət etdiyiniz yaşayış məntəqələri arasında Şuşa şəhəri də olub. Bu, əlbəttə, səfərinizə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan ictimaiyyəti də, ilk növbədə, keçmiş məcburi köçkünlər də Qarabağ bölgəsinə səfər etməklə bağlı qərarınızı layiqincə qiymətləndirəcəklər. (APA)