"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ-da keçirilən görüşdən sonra rəsmi İrəvanın Ankaraya qarşı isti münasibətləri daha çox sezilir: “Ərdoğanla görüş zamanı və ondan sonra siyasi bəyanatlar verildi. Görünən budur ki, Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru irəliləyir. Ərdoğana bu baxımdan İrəvandan tam dəstək var. Artıq Ermənistan hakimiyyətinin təmsilçiləri Türkiyə Prezidentinə “cənab və möhtərəm” deyə xitab etməyə başlayıb".
Erməni politoloq əlavə edib ki, Ərdoğanla Paşinyan arasındakı görüş Azərbaycanla sərhədlərin müəyyən edilməsinə və delimitasiya prosesinin serətlənməsinə kömək edə bilər. Onun fikrincə, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı imzalanmış əsasnaməni təsdiqləməsi İrəvanın bu istiqamətdə fəaliyyəti artırmağa hazır olduğunu göstərir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Sentyabrın 25-də Nyu-York şəhərindəki “Türkevi”ndə keçirilən görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri, habelə Bakı ilə İrəvan arasında sülh prosesləri müzakirə edilib. Türkiyə lideri Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.
Görüş zamanı Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” kitabınə Paşinyana hədiyyə edib. Onun xanımı Əminə Ərdoğanın isə ABŞ-ın birinci xanımı Cill Baydenin adından təşkil olunan qəbul zamanı Paşinyanın xanımı Anna Akopyanla mehribancasına görüşərək əl sıxması, ayaqüstü səmimi söhbət etməsi və xatirə şəkli çəkdirməsi diqqətdən yayınmayıb.
Elxan SALAHOV