Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında Bakıda keçirilən "ADEX" sərgi ilə bağlı paylaşdığı videoda bildirib.
"İsrail və Azərbaycan arasında strateji tərəfdaşlıq illər ərzində, xüsusilə müdafiə sektorunda, böyüməyə və inkişaf etməyə davam edib. Ümid edirəm ki, İnşallah biz bu əlaqələrin həm Azərbaycan Respublikasının, həm də İsrail Dövlətinin rifahı naminə daha da inkişaf etdiyini görəcəyik. Ən əsası bu əməkdaşlıq xalqlarımızın təhlükəsizliyini və firavanlığını artıracaq", - deyə C.Dik bildirib.
O həmçinin sərgidə İsrail şirkətlərinin əhəmiyyətli dərəcədə iştirakından da məmnunluğunu ifadə edib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilib. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib.
İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib. (Trend)