09.06.2025, 04:32
AZ EN
29.09.2024, 15:44 246

Türk ekspert: Rəsmi Parisin Azərbaycana qərəzli münasibəti Fransadakı müəyyən təbəqənin marağını əks etdirir

XƏBƏRLƏR
  • Fransa Prezidentinin BMT kürsüsündə Azərbaycana qarşı işlətdiyi ifadələr çox uzun zaman davam edən qərəzli düşüncənin fərqli təzahürü idi. Əslində bu ifadələr gözlənilməz deyildi. Rəsmi Parisin Azərbaycana qarşı bu münasibəti artıq uzun zamandır davam edir və xroniki hal alıb deyə bilərik. Davam edəcəyini də düşünürəm. Çünki Fransa rasional və praqmatik bir ölkə kimi davranmır. Oradakı bu münasibət müəyyən təbəqənin mənfəətini əks etdirir.

Bu fikirləri türkiyəli siyasi ekspert Bilgehan Öztürk ifadə edib.

Fransadakı erməni diasporunun ölkə daxilindəki anti-Azərbaycan fəaliyyətlərinə vurğu edən siyasi şərhçi deyib: “Erməni diasporunun bu açıqlamalara təsirini unutmaq olmaz. Onlar xüsusilə Qarabağ Zəfərini, o bölgələrin işğaldan azad edilməsi həqiqətini heç bir şəkildə qəbul edə bilmirlər. Bu səbəbdən də, xüsusilə bəzi Avropa ölkələrindəki Azərbaycan və ya Türk düşmənçiliyinin büruzə verilməsində Fransa liderlik edir”.

Rəsmi Parisin Azərbaycana qarşı əsassız ittihamlarının təkcə Qarabağla bağlı olmadığını qeyd edən Öztürk deyib: “Son illərdə Fransanın nəzarəti altında olan Yeni Kaledoniyada Parisin müstəmləkəçilik siyasətindən narazılıq ifadə edilir. Oradakı xalq öz hüquqları və muxtariyyətlə bağlı tələblər irəli sürür. Bununla bağlı çoxsaylı etiraz aksiyaları da keçirilir. Fransa burada da Azərbaycanı günahlandırmağa çalışır. Rəsmi Parisin bununla bağlı Azərbaycana qarşı absurd ittihamları Yeni Kaledoniyadakı bu hadisələr cərəyan etməyə başladıqda artıq özünü göstərdi. Bunların hamısı məntiqdən kənardır. Bu, Fransanın Azərbaycana qarşı deyil, rəsmi Parisin ermənipərəst fikirləri və bundan əldə etdiyi mənfəətin təzahürüdür. Bu gün erməniləri “məzlum”, öz torpaqları uğrunda mübarizə aparan Azərbaycanı isə “təzyiq göstərən” tərəf kimi qələmə verməyə çalışması da elə bu zehniyyətin göstəricisidir. Türk milləti olaraq biz artıq bunlara alışmışıq. Çünki xüsusilə Qərbin bəzi dairələri hər fürsətdə türklərə qarşı qərəzli münasibətini göstərməyi sanki özlərinə borc bilirlər. Fikrimcə, bütün bunları cəmləşdirdikdə mövzu tam şəffaflığı ilə özünü izah edir”. (AZƏRTAC)

Oxşar xəbərlər