Bunu jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.
O qeyd edib ki, 30 avqust Türkiyənin Zəfər bayramı iqamətgahda böyük coşqu ilə qeyd edib: Naxçıvanda Zəfər bayramını qeyd etmək bizim üçün böyük xoşbəxtlikdir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli başda olmaqla, Naxçıvanın Baş naziri, nazirləri və digər dövlət təşkilatlarının rəhbərləri, hökumət nümayəndələri bayram gününü bizimlə birgə qeyd etdilər. Dəvətimizi qəbul edib gələn bütün qonaqlara təşəkkür edirəm. Atatürkün türk qapısı olaraq qiymətləndirdiyi qədim Naxçıvanda Zəfər bayramını qeyd etmək bizim üçün böyük xoşbəxtlikdir”.
Asip Kaya vurğulayıb ki, 30 avqust Türkiyə tarixində böyük zəfərdir: “Bu zəfəri qazandıqdan sonra Türkiyə həm də cümhuriyyətin təməllərini atdı. Bu zəfər bütün xalqlar üçün azadlıq qığılcımı oldu və müstəmləkədə olan xalqlar azadlıq uğrunda mübarizə aparıb qalib gəldilər. Bu mənada 30 avqust təkcə Türkiyə üçün yox, dünyanın bir çox xalqları üçün əhəmiyyətli gündür.
Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər gün daha güclənir. Prezidentlərimizin təyin etdikləri hədəflər istiqamətində irəliləyirik. İki ölkə arasında olan dostluq, qardaşlıq dünyada örnək olan haldır və bu gündən-günə genişlənir. Bakıda səfirlik, burada konsulluq olaraq əlimizdən gələn hər şeyi edirik”.
“Azərbaycan Qarabağda böyük zəfər əldə etdi, bu qələbə 100 illər boyu qeyd ediləcək. Buna bütün Türkiyə olaraq inanırıq. Bu il Naxçıvan üçün də önəmli ildir, 100 illik yubileyini qeyd edir. Bu münasibətlə bütün Naxçıvan sakinlərini təbrik edirəm. Türkiyə keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də Naxçıvanın yanında olacaq.
Buranın iqtisadiyyatının genişlənməsinə böyük dəstək göstərəcəyik. Buradakı qurumlarla yaxın iş birliyində, birlikdə çalışırıq, əlimizdən gələn hər şeyi edirik. İnanıram ki, gələcəkdə Naxçıvan üçün böyük layihələr həyata keçirəcəyik. İnşallah, Türkiyə, Azərbaycan daha da güclənəcək, daha gözəl günlər bizi gözləyir”, - Türkiyənin baş konsulu əlavə edib. (Report)