"Vəıtən səsi" xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib. O, bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini xatırladaraq deyib ki, Kreml sahibi Bakıdakı Ermənistan-Azərbaycan münasibətlərini də müzakirəyə çıxarıb və bununla bağlı növbəti dəfə ölkəsinin vasitəçilik missiyasını təklif edib. Onun sözlərinə görə, Putin Bakıda olarkən bu mövzuları Paşinyanla da müzakirə edəcəyini açıqlamışdı: “Səfərdən bir neçə gün sonra Putin-Paşinyan telefon danışığı baş tutdu, amma görüşün təfərrüatları və nəticələri barədə ictimaiyyətə heç nə deyilmədi, quru və səssiz rəsmi açıqlama heç nəyi izah eləmədi".
Arman Abovyan onu da əlavə edib ki, ABŞ və Avropa həm Rusiyanın, həm də İranın Ermənistana siyasi təsir imkanlarını minimuma endirməyi qarşıya məqsəd qoyub. Onun sözlərinə görə, ilk növbədə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması prioritet elan edilib: "Bu gün Ermənistan dövlətində birinci rəhbərlərinin iştirakı ilə anti-Rusiya və anti-İran əhval-ruhiyyəsini addım-addım gücləndirmək siyasəti aparılır. Yəni heç kimə sirr deyil ki, Ermənistan hakimiyyəti Rusiya faktorunun ölkədən çıxarılmasına şərait yaratmaq üçün məqsədyönlü siyasət yürüdür. Rusiya sərhədçiləri artıq Zvartnots hava limanından çıxıblar. Ermənistanla Azərbaycan arasındakı sərhədin ən problemli hissələrində də Rusiya hərbçiləri ixtisar edilir”.
Erməni ekspert Azərbaycanın tələbi əsasında Ermənistanda mümkün konstitusiya dəyişikliyinə də diqqət çəkib: “Türkiyə və Azərbaycan İrəvandan Ermənistan konstitusiyasının müvafiq müddəalarına yenidən baxılmasını tələb edir. Ermənistan hakimiyyəti də dövlətin birinci şəxslərinin, xüsusən də birbaşa baş nazirin iştirakı ilə bu tələbə uyğun olaraq, konstitusiyaya dəyişiklik edilməsi üçün ilkin şərtlərin formalaşdırılması prosesinə başlayıb”.
Xatırladaq ki, Ermənistan konstitusiyasında istinad edilən “Müstəqillik Aktı”nda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Söhbət Azərbaycanın Qarabağ iqtisadi rayonu və Türkiyənin Şərqi Anadolu bölgəsindən gedir. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması tələb edilir. Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ötən günlərdə bu amilin sülh üçün yeganə maneə olduğunu söyləmişdi.
Elxan SALAHOV