19.10.2024, 10:43
AZ EN
21.08.2024, 17:49 191

Oskanyan separatçılara Avropada dəstək axtarır

XƏBƏRLƏR
  • Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı Qarabağdan Ermənistana qaçan separatçıların yaratdığı qondarma “artsax üzrə beynəlxalq komitə”nin koordinatoru, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan ətrafındakı beş-üç nəfərlə birlikdə Avropadan özlərinə dəstək axtarmaqda davam edir.

"Vətən səsi" xəbər verir ki, Oskanyan başının dəstəsi ilə Avropa ölkələrində planlaşdırılan görüşlərin növbəti mərhələsini İsveçrədə keçirib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən təxribatlar İsveçrə görüşlərini başa vuraraq Ermənistana qayıdıblar. Oskanyan və qondarma komitənin üzvləri bu dəfə İsveçrədə keçmişdə hakimiyyətdə olmuş siyasi mərkəzlərin rəhbər şəxsləri ilə görüşlər keçirib. Onlar hələ də hakimiyyətə təsir imkanlarını qoruyub saxlayan isveçrəli siyasiləriin tövsiyələrini və dəstək xarakterli mesajlarını Ermənistandakı tərəfdarlarına çatdırmağı düşünürlər. Bunun üçün qondarma komitə üzvləri Ermənistanda separatçılarla ayrıca görüş də planlaşdırırlar. Oskanyan və onunla birlikdə Avropaya səfər etmiş şəxslər İsveçrədə apardıqları danışıqlar haqqında tərəfdarlarına məlumatlar verəcəklər.

Xatırladaq ki, Vardan Oskanyan və dəstəsi bundan əvvəl Almaniyaya səfər edərək Avropada müxtəlif siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Toivo Klaarla görüşmüşdülər. Onların əsas məqsədlərindən biri Bakıda həbsdə olan keçmiş separatçı liderlərin azadlığa buraxılması tələbi ilə Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır. 

Elxan SALAHOV

Oxşar xəbərlər