Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Musulmans en France” internet portalına müsahibəsində deyib.
L.Abdullayeva qeyd edib ki, Ermənistanın işla dövründə Azərbaycan torpaqlara vurduğu dağıntı və ziyanın dərəcəsinə baxmayaraq, Bakı İrəvana münasibətlərin normallaşdırılmasını təklif edib. "Çünki Azərbaycan həmişə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülhə mane olan yeganə şey işğal faktıdır. İşğal faktı aradan qaldırıldığı üçün biz Ermənistanla irəliləməyə və münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etmişik. Ona görə də Prezident İlham Əliyev Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq ideyası ilə çıxış edib”.
XİN rəsmisi onu da vurğulayıb ki, bu prosesdə hər iki tərəfin siyasi iradəsi mühüm rol oynayır. Azərbaycan sülh sazişi təşəbbüsü irəli sürməklə siyasi iradəyə malik ölkə olduğunu nümayiş etdirdi. Eyni zamanda Azərbaycan bu sülh sazişinin əsaslanmalı olduğu fundamental prinsipləri təklif edib.
"Biz münasibətlərin normallaşması prosesinə ciddi yanaşdığımızı göstəririk", - o deyib.
L.Abdullayeva əlavə edib ki, Azərbaycan danışıqların imitasiya xarakterli olduğu vəziyyətin təkrarlanmasını istəmir.
"İndi açıq şəkildə bildirmək istədiyimiz bir şey var: biz imitasiya danışıqları ilə bağlı vəziyyəti bir daha görmək istəmirik, çünki biz bunu 30 il ərzində görmüşük. Əgər Ermənistan tərəfi son 30 ildə "danışıqların imitasiyası ilə məşğul olmasaydı, o zaman, yəqin ki, ikinci Qarabağ müharibəsi də olmazdı. Biz imitasiya yox, real, konkret nəticələr görmək istərdik. Çünki biz istəyiriksə, regionda sülh bərqərar olsun. Bunun üçün Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir”, - L.Abdullayeva qeyd edib. (Trend)