"Vətən səsi" xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsində maraqlıdır. İrəvan bu məsələdə münasibətlərin hərtərəfli tənzimlənməsi və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində baxılmasını istəyir.
Xatırladaq ki, Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun birgə buraxılmasını tələb edib. Rəsmi Bakı İrəvana belə bir sual ünvanlayıb: “Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Minsk qrupunun buraxılmasını ilkin şərt kimi qoyurmu? Niyə İrəvan qrupun buraxılmasına razı deyil və Ermənistanın yaxın zamanlarda fikrini dəyişərək Bakı ilə Minsk qrupunun buraxılması üçün birgə ərizə təqdim etməsi mümkündürmü?”.
Ermənistan Xarici İşlər Nazirliyi isə sonuncu açıqlamasında Minsk qrupunun buraxılması şərti ilə razı olmadığı bəyan edib.
Politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən deyib ki, Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsi ilə bağlı Azərbaycandan istəkləri var. Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin “ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər” açıqlamasından bu qənaətə gəlmək olar ki, İrəvan Minsk qrupu məsələsində israr etmir, sadəcə birtərəfli güzəşt kimi olmasın deyə, bu mövzunu danışıqlarda rəsmi Bakı ilə alver predmetinə çevirmək istəyir: "Yəni, demək istəyirlər ki, “biz sizin istəyinizə uyğun olaraq Minsk qrupundan imtina etsək, bunun qarşılığında siz də bizim istəklərimizdən birini yerinə yetirməlisiniz. Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Bu, mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu, sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan ordusunun nəzarət etdiyi strateji yüksəklikləri “Minsk qrupundan imtina bəndi” ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələr".
Politoloq hesab edir ki, Ermənistanın Minsk qrupundan imtina etməməsinin Azərbaycana böyük zərəri yoxdur. Lakin strateji yüksəkliklər Azərbaycana təcavüzkar Ermənistan üzərində böyük üstünlük qazandırıb və ordumuzun həmin yüksəkliklərdeən geri çəkilməsi mümkün deyil: "Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Bizim üçün konseptual məsələ budur”.
Elxan SALAHOV