24.12.2024, 03:31
AZ EN
10.08.2024, 14:16 212

Janar Tulindinova: Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı tranzit ölkədir

XƏBƏRLƏR
  • Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Bunu politoloq Janar Tulindinova Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 9-da Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, respublikanın bu tədbirdə iştirakı artıq ənənə halını alıb; Azərbaycanın lideri 2023-cü ildə Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə də iştirak edib.

“Azərbaycan ilə Qazaxıstan arasında tərəfdaşlığın möhkəmləndirilməsi dinamik iqtisadi artım və hər iki ölkədə müsbət demoqrafik tendensiyalarla bağlıdır. Əməkdaşlığın əsas amili qarşılıqlı ticarət və investisiyalardır. Bu sahələrdə davamlı artım var. Beləliklə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb və 529,4 milyon dollar təşkil edib”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Ekspertin sözlərinə görə, ikitərəfli əməkdaşlıqda nəqliyyat-logistika sektoru da mühüm yer tutur və bu sahədə birgə səylər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının artırılmasına yönəlib.

“Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Şərq-Qərb marşrutu üzrə etibarlı tranzit ölkədir. Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsini nəzərdə tutan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək”, -deyə Janar Tulindinova bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər