"Vətən səsi" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Yüksək səviyyəli iki diplomat nəşrə müsahibəsində Mişelin iyulun əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib. Bildirilir ki, həmin görüşlər barədə əvvəllər məlumat verilməyib. Ermənistan və Azərbaycan isə liderlər səviyyəsində sammit çərçivəsində görüşməkdən imtina etməkdə bir-birini suçlayırdılar. Bundan sonra Şarl Mişel hər iki tərəfə məktub yazaraq liderləri danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyişə nail olmağa, sülh sazişini yekunlaşdırmağa çağırıb.
Bununla belə çoxdan gözlənilən razılaşma reallaşmayıb. Aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin ləngiməsi Brüsseldə məyusluğu bir az da artırıb. Xüsusilə Şarl Mişelin davamlı səylərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti danışıqlar masası arxasına əyləşmək fürsətini bir neçə dəfə qaçırıb.
“Politico” yazır ki, Britaniyadakı görüşlər Mişelin rəhbərliyi altında aylarla davam edən danışıqlardan sonra və Qərbin yalnız diplomatik həllin regiona sülh gətirə biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq baş verib: “İndi gərginlik yenidən yüksəlir və ötən həftə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca təxribatlar törətməkdə ittiham edib və özünümüdafiə üçün əllərində olan bütün vasitələrdən istifadə edərək lazımi cavab tədbirləri görəcəyi ilə hədələyib. Ermənistan bu ittihamların həqiqətə uyğun olmadığını bildirir. Azərbaycan iki tarixi rəqib arasında güc balansı yaratmaq cəhdi ilə Fransa kimi Avropa İttifaqı ölkələrinin İrəvana verdiyi hərbi dəstəyi də tənqid edib”.
Elxan SALAHOV