Bu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, üzə çıxan 357 səhifəlik hesabatda Azərbaycanla bağlı yenə də obyektiv olmayan, qərəzli qarayaxma kampaniyasına hesablanmış məqamlar yer alıb.
"Hesabatda ölkəmizin əleyhinə olan hissələrin hamısında yalnız anti-Azərbaycan xarakterli məqamlar var. Hətta sözügedən hesabatda bizə qardaş olan Türkiyənin də əleyhinə məqamlarla zəngindir. Fransanın bu hesabatı, Azərbaycanı hədəfə alması onun əsasən beynəlxalq münasibət, beynəlxalq hüquqda törətdiyi qanunusuzluqları ört-basdır etmək və öz müstəmləkə siyasətini gizlətmək məqsədi daşıyır", - o vurğulayıb.
Deputat qeyd edib ki, son zamanlar Fransa dünyada oynadığı destruktiv rolunu, hələ də müstəmləkə siyasətini aparan ölkə kimi öz əməllərini gizlətməkdə davam edir.
"Hesabatda Azərbaycanın guya Fransaya qarşı xüsusi düşmən xarakterli müdaxilə əməliyyatları apardığı qeyd olunur. Lakin islamofob və ya müstəmləkəçilik siyasəti ilə bağlı Azərbaycanın Fransanı ifşa etməsinə gərək yoxdur. Çünki Fransa özünü dünyanın gözü qarşısında ifşa edir. Bütün dünya ictimaiyyəti Fransanın Yeni Kaledoniya, Korsika, Qəmər adaları və digər yerlərdə aborigen xalqlara qarşı etdiyi zülümləri, onların hüquqlarının tapdalanmasını görür və bu faktdır.
Bundan başqa, hesabatda Bakı Təşəbbüs Qrupunun adı çəkilir. Qeyd olunur ki, guya BTQ Fransanın daxili işlərinə müdaxilə edir. Ancaq bu belə deyil, BTQ öz humanitar xarakterli fəaliyyəti ilə məşğuldur. Görünür Fransa bu qrupun keçirdiyi tədbirlərdən narahatdır və ləkələməyə çalışır.
Fransa öz siyasətini korrektə etmələdir və anlamalıdır ki, Azərbaycanda müsbət bir ruhda olan qurumun üzərinə öz cinayət və müstəmləkə siyasətini yıxmaq məqsədi güdür. Birmənalı şəkildə bu hesabatın ölkəmizə qarşı tamamilə qəbuledilməz və məntiqsizdir", - T. Gəncəliyev əlavə edib. (Trend)