24.04.2025, 01:28
AZ EN
09.08.2022, 09:20 539

Tolerantlıq Azərbaycanın bəşəri sərvətidir

XƏBƏRLƏR
  • Demokratik inkişaf yolu ilə irəliləyən hüquqi, dünyəvi dövlət olan Azərbaycanda bütün dinlərə və vətəndaşların inanclarına hörmətlə yanaşılır.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. Dini etiqat və vicdan azadlığının təmin edilməsində dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində bütün dini abidələrin təmir-bərpa olunaraq insanların ixtiyarına verilməsi istiqamətində mühüm addımlar atılıb.

“Əmin ola bilərsiniz ki, bütün imkanlardan istifadə edib nəinki bu müqəddəs yeri, Azərbaycan xalqının tarixini əks etdirən, Azərbaycan xalqının milli, dini ənənələrini əks etdirən bütün abidələr,  bütün ocaqlar, bütün müqəddəs yerlər bərpa olanacaqdır. Onu biz sizinlə edəcəyik, bizim edə bilmədiyimiz şeyləri də gələcək nəsillər edəcək, bizim davamçılarımız edəcəkdir .”

Bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizi hər zaman uca tutur, bu sahəyə xüsusi qayğı və həssaslıqla yanaşır. Göstərilən yüksək diqqət və qayğı sayəsində ölkəmizdə bütün dini ocaqlar bərpa olunub, yenidən qurulub.

“Azərbaycanda bu gün çoxmillətli, çox konfensiyalı cəmiyyət mövcuddur, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir və biz bu sərvəti qoruyuruq və qoruyacayıq.  Bütün xalqların, bütün dinlərin nümayəndələrinin  abidələri, tarixi abidələr qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilibdir. Dünyanın ən qədim məscidlərindən biri olan  Şamaxı cümə məscidi əsaslı təmir edilibdir. Bu məscidin 1270 yaşı var”.

Azərbaycan həm də dünyaya tolerantlıq  nümunəsi kimi təqdim olunur.  Eyni zamanda ölkəmiz dünyada ümumbəşəri dəyərlərin carçısı, İslam həmrəyliyinin gücləndirilməsi, islamofob dairələrə qarşı mübarizə istiqamətində atılan addımlarda xüsusi fəallığı ilə seçilir.

“Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz artacaq, gücümüz artacaq. Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür, bizim cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix üzərində qurulubdur. Dərin mənəviyyat üzərində qurulubdur, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur və hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir”.

Ölkəmizdə vicdan, etiqat azadlığına yüksək səviyyədə təminat verilir. Sözsüz ki, vətəndaş da dövlətin yaratdığı bu şəraiti yüksək qiymətləndirməli, milli-mənəvi dəyərlərimizi uca tutmalı, ona xələl gəlməsinə imkan verməməlidir. Xüsusilə də məhərrəmlik ayında məscidlərə üz tutanların sayının çox olacağını nəzərə alsaq, bəzi qaydalara əməl etmək, nizam-intizamı gözləmək olduqca vacibdir. Məsələn, ictimai qınaq yaradan zəncir vurub qan çıxarmaq, baş yarmaq, bədənə xəsarət yetirmək kimi amillər İslam alimlərinə görə cahillik əlamətidir. Bunun əvəzinə ehtiyacı olan insanlara yardım göstərmək, qanvermə aksiyalarında iştirak etmək bu ayda məqbul və savab sayılır. Builki məhərrəmlik ayı post-pandemiya dövrünə təsadüf etsə də koronavirus  təhlükəsi hələ də qalmaqdadır. Son zamanlar virusa yoluxanların sayında artım müşahidə olunur. Kütləvi tədbirlər qadağan olunmasa da, möminlər, inanclı şəxslər müqəddəs Quranın xeyirxahlıq kimi mənəvi dəyərə, insan sağlamlığının qorunmasına verdiyi böyük dəyəri nəzərə almalıdır. Kütləviliyin daha çox insanın yoluxmasına səbəb olduğunu unutmamalı, mümkün qədər ehtiyatlı davranmalıdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər