Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.
O bildirib ki, 30 il davam edən işğal və soyqırımı siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmayıb.
"Azərbaycanlı qardaşlarımız illər boyu işğalın itkilərinin acısı ilə yaşamağa məcbur oldu. Bu ədalətsizliyə son vermək Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. 44 gün davam edən mübarizə nəticəsində Qarabağ azad edildi və 30 illik işğala son qoyuldu", - Türkiyə lideri vurğulayıb.
Ərdoğan əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni bir dövrün başladığını da qeyd edib: “Bu tarixi fürsəti qaçırmamaq üçün səylər göstəririk. Bu günə qədər Azərbaycanla məsləhətləşərək bir çox addım atdıq. Radikal erməni dairələrinin cəhdlərinə baxmayaraq, Cənubi Qafqazda davamlı sülhə nail olmaq yolunda önəmli ölçüdə yol qət etdik”. (APA)