24.12.2024, 16:52
AZ EN
22.06.2024, 19:55 202

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

XƏBƏRLƏR
  • Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyada daha bir mühüm tədbir – “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” öz işinə başlayıb.

Forumda Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov və digər qonaqlar iştirak edirlər.

Forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun forum iştirakçılarına təbrikində bildirilib: “Mühəndislər forumu müzakirə və əməkdaşlıq üçün konstruktiv bir platformadır. Bu gün mühəndislərimizin, fərqli mühəndislik sahələrində işləyən azərbaycanlı mütəxəssislərin foruma toplaşması bilik, təcrübə və ideyaların mübadiləsi üçün unikal imkan yaradır. Komitə olaraq biz də öz növbəmizdə xaricdə yaşayan mühəndis və alimlərimizi dəstəkləyir, onlara karyera və inkişaf üçün imkanlar yaratmağa çalışırıq”.

Forumda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Köln Universitetinin dosenti, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri Nuran Abdullayev, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin həmsədri Altay Rüstəmov və başqaları çıxış ediblər. Çıxışlarda forumun əhəmiyyəti, aparılan müzakirələrin elmi faydaları, azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlükləri diqqətə çatdırılıb, iştirakçılara uğurlar arzulanıb.

Bu il ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş olunduqdan sonra Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər müxtəlif mövzularda təqdimatlar ediblər.

Forum öz işini panel müzakirələri ilə davam etdirib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə ixtisaslaşmış forumlar təşkil edir. Bu günədək xaricdə yaşayan azərbaycanlı alimlərin və həkimlərin bir neçə forumu təşkil olunub. Həmin forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə qarşılanıb. (AZERTAC)

Oxşar xəbərlər