Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Şöbə müdiri qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.
"Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb".
A.Vəliyev vurğulayıb ki, qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. (Report)