21.11.2024, 23:41
AZ EN
10.06.2024, 14:43 288

Ermənistan KTMT-yə pul ödəməkdən imtina edir

XƏBƏRLƏR

 

Qırx dörd günlük müharibədə biabırcasına məğlub olduqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək ala bilmədiyi üçün bu qurumdan çıxacağını bəyan edən Ermənistan birlik daxilindəki fəaliyyətini faktiki olaraq dondurub. Hələ rəsmən KTMT-nin üzvü olsa da, Nikol Paşinyanın rəhbəri olduğu hökumət təşkilata pul ödəməkdən də imtina edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə rusiyanın məşhur “RİA Novosti” agentliyi məlumat yayıb. Bildirilir ki, Ermənistanın KTMT büdcəsinə töhfə verməkdən imtina etməsi birinci dəfə deyil. Rusiya Xarici İşlər Nazirliyindən mövzunu şərh edərkən bildiriblər ki, İrəvanın KTMT-nin büdcəsinə ödəmələr üzrə borcları əvvəllər də olub.

Yeri gəlmişkən, hələ bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bəyan edib ki, İrəvan KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın bu sənəddə nəzərdə tutulmuş fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək.

Vəziyyəti agentliyə şərh edən Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, İrəvanın iştirakının “dondurulması” və KTMT-nin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı ilk bəyanatı deyil: "Məsələnin mahiyyətinə gəlincə, təşkilatın büdcəsinə, o cümlədən Ermənistandan ödənişlərdə gecikmələr əvvəllər də olub”.

Rusiya XİN-dən bildiriblər ki, o dövrdə mövcud ehtiyatlardan işlək şəkildə istifadə etməklə təşkilatın fəaliyyətinin maliyyələşdirilməsi problemləri həll edilib və borclular sonradan borclarını ödəyiblər”.

“Ermənistan Respublikasının 2024-cü il üçün pay töhfəsi 53,22 milyon rubl məbləğində müəyyən edilib”, - departamentdən bildirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər