15.12.2024, 09:59
AZ EN
05.06.2024, 21:50 206

Bakıda TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib

XƏBƏRLƏR
  • İyunun 5-də Milli Məclisdə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda üçüncü toplantısı keçirilib.

Iclasa qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan sədrlik edib. Tədbirə ev sahibliyi etdiyinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikası Milli Məclisinə təşəkkür edən qonaq toplantının TÜRKPA ölkələri gənclərinin qarşılaşdığı fiziki və psixi sağlamlıq problemlərinin həllinə töhfə verəcəyinə inamını bildirib. O gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində TÜRKPA ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Əliabbas Salahzadə və Anar Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kubanıçbek Samakov, Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Fide Kürşat mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər. Natiqlər ölkələrində gənclərin qarşılaşdıqları fiziki və psixi sağlamlıq problemlərindən, onların yaranması səbəblərindən söz açıb, bu məsələlərin həlli istiqamətində ölkələrində həyata keçirilən dövlət siyasəti, yaradılan qanunvericilik bazası və atılan digər addımlar barədə məlumat verib, gəncliyin sağlam ruhda böyüdülməsi, zərərli vərdişlərdən qorunması ilə bağlı danışıblar.

Sonra iclasda gündəliyin məsələləri müzakirə edilib, “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda hesabat məruzəsi, mövzuya dair tövsiyə qərarı qəbul olunub, qrupun növbəti iclasının mövzusu, keçirilmə tarixi və yeri müəyyənləşdirilib.

Qeyd edək ki, TÜRKPA-ya üzv dövlətlərin Gənc Parlamentarilər Qrupunun dördüncü iclası 2025-ci ildə Qazaxıstanda keçiriləcək. (AZERTAC)

Oxşar xəbərlər