23.12.2024, 18:50
AZ EN
29.07.2022, 17:35 433

Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinin Şuşaya səfəri başa çatıb

XƏBƏRLƏR
  • İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirib.

Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gəncləri iclasdan sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Sammit iştirakçıları sonra Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və Qala divarlarını ziyarət ediblər.

Qonaqlara Cıdır düzü haqqında məlumatlar verilib. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub.

Gənclər Sammitinin iştirakçıları sonra Vaqifin məqbərəsini ziyarət ediblər. Qonaqlara məqbərə haqqında məlumat verilib. Qeyd olunub ki, bütün digər tarixi abidələrimiz kimi Vaqif məqbərəsi də erməni vandalizminə məruz qalıb. Məqbərə Heydər Əliyev Fondu tərəfindən tam bərpa edilib və onun ikinci açılışı 2021-ci ilin avqustunda olub.

Şuşa səfəri Qala divarlarına ziyarətlə yekunlaşıb. Qonaqlara Qala divarları haqqında məlumat verilib.

Bununla da Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarının Şuşaya səfəri başa çatıb. (AZƏRTAC)

Oxşar xəbərlər