24.12.2024, 17:50
AZ EN
29.05.2024, 19:15 191

Müstəqillik Günündə Xocalıya qayıdış xüsusi rəmzi məna daşıyır

XƏBƏRLƏR
  • Müstəqillik tariximizin ən qürurlu günlərini yaşayırıq. Belə ki, Qarabağ işğaldan azad edilib, bərpa və quruculuq işləri tam sürətlə həyata keçirilir, öz torpaqlarında məcburi köçkün həyatı yaşamağa məcbur olan insanlarımız artıq geri qayıdır. Uzun illər boyu düşmən işğalı altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin öndərliyi ilə azad edildikdən sonra qısa müddətdə bərpa olunması üçün həyata keçirilən işlərlə Azərbaycan nəinki regiona, həmçinin dünyaya yeni bir yenidənqurma modeli təqdim edir, ilklərə imza atır. Yenidənqurma və bərpa işləri vahid quruculuq konsepsiyası əsasında həyata keçirilməkdədir və bu konsepsiya əsasında “ağıllı” şəhərlər və kəndlərin tikilməsinə, meşələrin və yaşıllıq sahələrinin bərpasına, sənaye və kənd təsərrüfatı komplekslərinin yaradılmasına, bu bölgənin ekoloji təmiz region kimi dünyada tanıdılmasına şahid olmaqdayıq. Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə bölgəyə, əsasən, Azərbaycana yeni tarix bəxş edildi, regionun geosiyasi landşaftı dəyişdi.

Bu sözləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O, Xocalıya qayıdışın xüsusilə həssas olduğunu deyib: “Çünki Xocalı bütün Azərbaycan xalqının qəlbində və mənəvi dünyasında qanlı, faciəli tarixçəsi ilə dərin izlər qoyub. Xocalıya ilk sakinlərin – 20 ailənin Azərbaycanın Müstəqillik Günündə qayıtması da bu baxımdan simvolikdir. Belə ki, qayıdış qisasın alınmasının, yaraların sağalmasının, bölgədə həyatın canlanmasının rəmzidir. Xocalılılar, qarabağlılar bundan sonra müstəqil, azad, abad, inkişaf edən ölkənin vətəndaşları olaraq öz torpaqlarında qürurla yaşayacaqlar.

“Cəmi 8 aya bərpa olunan Xocalıda həyata keçirilən yenidənqurma işləri çərçivəsində Memorial Kompleksin təməli məhz cari il fevralın 26-da qoyulmuşdu. Bu, o deməkdir ki, Azərbaycan dövləti öz qanlı tarixini heç zaman unutmayacaq və unutdurmayacaq. Bununla yanaşı, bölgədə gələcək nəsillərin rahat şəkildə yaşaması, ən yüksək texnoloji və müasir imkanlara sahib olması üçün müəssisələr qurulmaqdadır. Təhsil müəssisələri ilə yanaşı, robototexnika tədris mərkəzinin Xocalıda açılması bu bölgənin insanlarının gələcəyinə edilən investisiya olaraq qiymətləndirilə bilər. “Qarabağı cənnətə çevirəcəyik” deyən Prezident İlham Əliyevin göstərişi ilə yaradılan yeni yollar dövlətimizin ali amal istiqamətində irəlilədiyini göstərir. Qarabağ, eyni zamanda, bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyət daşıyan qlobal nəqliyyat-logistika şəbəkəsinin bir parçası olacaq. Xocalıda inşa olunan və salınacaq yeni magistral, dəmir və hava yolları şəbəkəsi də tezliklə bəhs olunan qlobal şəbəkəyə qoşulacaq. Təsadüfi deyil ki, bütün bunları görən qlobal investorlar Qarabağa yatırım etməyə, yenidənqurma işlərində iştiraka səy göstərirlər”, - deyə STM-in baş məsləhətçisi vurğulayıb.

O bildirib ki, 2022-2026-cı illərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında dövlət büdcəsindən 30,5 milyard dollar vəsaitin Qarabağ və Şərqi Zəngəzurun bərpa və inkişafına xərclənməsinin planlaşdırılması ilə yanaşı, xarici dövlətlərdən olan investorların da bu işlərə maraq göstərməsi, bölgənin siyasi-iqtisadi potensialının böyüklüyündən xəbər verir. Bütün bu imkanlar Qarabağı yaxın gələcəkdə dünyanın ən gözəl turistik, iqtisadi inkişaf etmiş məkanlarından birinə çevirməklə bərabər, Azərbaycan xalqının, Qarabağ sakinlərinin, o cümlədən xocalılıların sülh və rifah içərisində yaşamasına, ölkəmizin və ümumilikdə regionun təhlükəsizliyinin artırılmasına xidmət edən mühüm amil olaraq dəyərləndirilə bilər. (AZERTAC)

Oxşar xəbərlər