23.11.2024, 07:04
AZ EN
28.05.2024, 20:53 180

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır

XƏBƏRLƏR
  • Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Cümhuriyyət müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoymuşdu. Ona görə də 28 May – Müstəqillik Günü xalqımız üçün ən dəyərli və müqəddəs bayramlardan biridir. Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin ən şanlı səhifələrindən biridir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, milli dövlətçilik tariximizdə Xalq Cümhuriyyəti müstəsna yer tutur: “Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Bu dövləti yaradan xalqımızın oğulları əsl vətənpərvərlik nümunəsi göstərdilər. Məhz buna görə də, cümhuriyyət qurucularının misilsiz xidmətləri daim xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur”.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-in dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir. Məhz bundan sonra, o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də Üçrəngli Bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi. Eləcə də, 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.

“Dövlətimizin başçısı İlham Əliyev bu ənənəni layiqincə davam etdirir. Azərbaycan Prezidenti tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu. Bu gün çox qürur duyuruq ki, Müstəqillik Gününü ərazi bütövlüyünün və suverenliyimizin bərpa olunması şəraitində qeyd edirik. Bütövlükdə, Prezident İlham Əliyevin respublikamızın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi hər bir vətəndaşı qürurlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın bu gün Şuşada dalğalanması, Azərbaycan Prezidenti İlham Əliyevin bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla ucaltması xalq olaraq bizi hədsiz dərəcədə iftixarlandırır. Bu, dövlətimizin başçısının gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Eləcə də, 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın aparıcı ölkələrinin rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları və məktublarda Azərbaycanın inkişafı, yüksək beynəlxalq nüfuzu, həyata keçirdiyi uğurlu siyasətlə bağlı önəmli fikirləri bir daha müstəqil dövlətimizin gücünün, qüdrətinin, Prezidentimizin dünya miqyasında yüksək nüfuzunun parlaq nümunəsidir. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz bundan sonra da böyük zəfərlər qazanacaq”, - deyə Fatma Yıldırım söyləyib. (AZERTAC)

Oxşar xəbərlər